İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru


İyunun 19-da  ADA Universitetində ikigünlük   “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” mövzusunda  IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.  ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən konfransda Təhsil Nazirliyi və  ADA Universitetinin rəhbər heyəti, respublika təhsil ictimaiyyətinin nümayəndələri,  ali məktəb rektorları, bir sıra beynəlxalq təşkilatların  təmsilçiləri  iştirak edib.  Tədbiri  ali məktəbin akademik  işlər üzrə prorektoru Vəfa Kazdal açaraq  konfransın məqsədi, əsas hədəfləri, əhəmiyyəti barədə məlumat verib.

 

V.Kazdal ADA Təhsil İnstitutunun fəaliyyəti və təşəbbüskarı olduğu bir sıra beynəlxalq tədbirlər barədə  məlumat verərək IV konfransın daha geniş səviyyəli olduğunu bildirib. Onun sözlərinə görə, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat  işi  göndərilib.   

 

Təhsil Nazirliyinin təhsil sahəsində həyata keçirdiyi strategiya xəttinə paralel olaraq  tədqiqata olan marağı artırmaq və ölkəmizdə tədqiqatın səviyyəsini  beynəlxalq səviyyəyə çatdırmaqdır. 

 

Təhsil Nazirliyinin dəstəyinin mühüm rol oynadığını qeyd edib.

 

Daha sonra çıxış edən ADA Universitetinin  rektoru, səfir Hafiz Paşayev  konfrans iştirakçılarını  salamlayaraq tədbirin əhəmiyyətindən danışıb və konfransın  nəticələrinin  daha  vacib olduğunu diqqətə çatdırıb.  Rektor ADA Universitetindən olan 3 PHD  tələbəsinin xaricdə təhsilinin Təhsil Nazirliyi tərəfindən maliyyələşdirildiyini qeyd edib.  Təhsil Nazirliyinə bu sahədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən  rektor bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini qeyd edərək universitet üçün müəllim kadrlarının hazırlanması məsələsinin çox aktual olduğunu  diqqətə çatdırıb.  “Əsas məqsədimiz odur ki, Avropa və Amerikanın PHD proqramlarına diqqət yetirək. Hazırda bu sahədə xüsusi  dövlət proqramı hazırlanıb.  Çox yaxşı olacaq ki,  bizim ümidverici kadrlarımızı  xarici universitetlərə göndərək və özümüz üçün müəllim hazırlayaq”.   

 

Konfransın bu işdə rolunun  böyük olduğunu deyən rektor tədbirin işinə uğurlar arzulayıb.  Rektorun təbirincə,  tədbirin işi  təkcə məqalə vermək, çıxış  etmək deyil,  həm də müəllimlərin öz aralarında  təhsilimizin ümumi problemlərinə dair müzakirələr  aparmasıdır.  “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, - deyə rektor qeyd edib.

 

 

Keyfiyyətli təhsil

 

 

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın ən qabaqcıl ali məktəblərindən olan ADA Universitetində belə bir konfransın keçirilməsinin  olduqca əhəmiyyətli olduğunu deyərək qeyd edib ki,  “İnklüziv, bərabər və keyfiyyətli təhsil” məsələləri  hər bir təhsil sistemi qarşısında duran  ən əsas vəzifələrdəndir.  “Təhsil  Nazirliyi olaraq bizim qarşımızda duran ən vacib məsələ hər bir gəncə, hər bir şagirdə,  tələbəyə keyfiyyətli təhsil vermək imkanlarının təqdim edilməsidir”. C.Bayramov  çıxışında qarşıda duran çağırışlar, bir sıra hədəflər və bu sahədə həyata keçirilən  işlər barədə konfrans iştirakçılarına  məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti  cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizdə  təhsil sahəsində islahatların “Yol xəritəsi” olan  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əhatəliliyinə və keyfiyyətinə görə Azərbaycan təhsil sisteminin dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırılması,  təhsilin məzmunu, kadr hazırlığı, infrastruktur,  idarəetmə sahəsində yeni yanaşmaların tətbiq edilməsi yolu ilə ölkəmizdə beynəlxalq səviyyəli təhsil sisteminin qurulması və davamlı olaraq ölkənin inkişafına  təminat verilməsi əsas hədəf seçilmişdir. 

 

Nazir bildirib ki,  2016-cı ildən başlayaraq dövlət vəsaitləti hesabına  ümumtəhsil məktəblərinin  bazasında birillik məktəbəhazırlıq siniflərinin açılması nəticəsində ölkədə 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb olunması səviyyəsi 24 faizdən 2018-2019-cu tədris ilində 75 faizədək artıb,  növbəti  illərdə  isə bu rəqəmin 90 faizə çatdırılması müəyyənləşdirilib.  Daha sonrakı illərdə ölkə üzrə  bütün 5  yaşlıların məktəbəhazırlığa cəlb olunması hədəf seçilib. 

 

 

Təməl bacarıqlarının inkişafına xüsusi yanaşma 

 

 

Təhsil sistemində təhsilalanların təməl bacarıqlarının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.  Bu barədə danışarkən nazir qeyd edib ki, təməl bacarıqlarının erkən yaş  dövründən inkişafının xüsusi vacibliyi  nəzərə alınaraq  2 il öncə YUNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların  icma əsaslı məktəbəqədər təhsilə cəlb edilməsi layihəsinə  start verilib.  Artıq   başa vurmaqda olduğumuz tədris ilindən  adıçəkilən icmaların sayı ölkə ərazisində 100-ə  çatdırılıb. 3-5 yaşlı  2000 -ə yaxın  uşaq həmin  məktəbəqədər təhsilə  cəlb olunub.  Bu məktəblərin müsbət nəticələri və eyni zamanda da böyük ehtiyacı  nəzərə alınaraq növbəti 2019-2020-ci dərs ilində  layihənin əhəmiyyətli şəkildə ölkə ərazisində genişləndirilməsi nəzərdə tutulur.  “Bizim planlar ondan ibarətdir ki, mövcud olan  100 icmadan əlavə olaraq 250 icmada da   ölkənun bütün rayon və şəhərlərini əhatə etməklə onun əhatəliliyini əhəmiyyətli şəkildə artıraq”.

 

 

Təhsilin məzmunu

 

 

Təhsil naziri çıxışında mühüm trendlərdən olan  təhsilin məzmunundan da danışıb.   O, qeyd edib ki, bu sahədə bizim üçün vacib olan mühüm məqam ondan ibarətdir ki,   Təhsil Nazirliyi  tərəfindən müasir dövrün çağırışları, gələcək tendensiyalar  nəzərə alınmaqla təhsilin məzmununun təkmilləşdirilməsi, təhsilin məzmununa innovativliyin gətirilməsi əsas hədəf kimi müəyyən edilmişdir.  C.Bayramov  bu sahədə həyata keçirilmiş bir sıra layihələr barədə qısa məlumat verib.  Ötən tədris ilində yeni model əsasında yeni yanaşmalar  tətbiq edilməklə  Ana dili,  riyaziyyat, ingilis dili fənləri üzrə ehtiyat dərsliklər yaradılıb və hazırda bu il ərzində 100 məktəbdə pilot sınaqdan keçirilməkdədir. Növbəti ildə eyni dərsliklərin II siniflər üçün digər  məktəblərdə pilot səviyyəsində sınaqdan keçirilməsi nəzərdə tutulub. Əlavə olaraq  məktəbəhazırlıq sinifləri üçün də yeni model dərsliklərin hazırlanaraq sınaqdan keçirilərək məktəblərə  təqdim edilməsi nəzərdə tutulub.  Dərsliklər sınaqdan keçdikdən sonra onların daha geniş tətbiqi  planlaşdırılır.

 

Nazir İnformatika fənninin ölkə ərazisində tədrisinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”  layihəsi barədə də  məlumat verib.  Onun sözlərinə görə,  cari  tədris ilində  ölkənin 71 məktəbi əhatə olunmaqla  26 min şagird layihəyə cəlb edilib.  “Bizim planlarımız və gördüyümüz hazırlıq işləri bunu deməyə əsas verir ki, növbəti tədris ilində  həm məktəblərin,  həm də cəlb olunmaş şagirdlərin  sayının sinif,  yaş kateqoriyası baxımından genişlənməsi hesabına 100 minə yaxın şagirdin “Rəqəmsal bacarıqlar”  layihəsinə cəlb olunması  nəzərdə tutulub”.

 

Növbəti vacib istiqamət məktəb proqramlarının məzmununa STEM yanaşmasının gətirilməsi ilə bağlıdır.  Nazir qeyd edib ki, bu məqsədlə aparıcı müəllimlərimiz və bir sıra məktəb rəhbərləri həm ölkə ərazisində,  həm də xaricdə xüsusi təlimlər keçiblər. Növbəti tədris ilindən ən azı 15 məktəbdə   STEM məzmunu yanaşması tətbiq ediləcək. “Biz düşünürük ki,  bu yanaşma ilə biz robototexnika, nanotexnologiyalar, süni intellekt,  mexanika kimi elm sahələri üzrə məktəb məzmunu ilə inteqrasiya imkanları əldə edəcəyik”.

 

Nazir  təhsilin keyfiyyətindən  danışarkən mühüm istiqamətlərdən  biri kimi  məktəblərdə sağlam mənəvi- psixoloji mühitin formalaşmasını qeyd edib.   Son zamanlar informasiyanın şagirdlər üçün daha çox əlçatanlığı, eyni zamanda şagirdlərin zərərli  informasiyalardan qorunması imkanlarının  məhdud olması nəzərə alınaraq  növbəti tədris ilində  məktəb rəhbərləri,  təhsilverənlər  ailələrlə, valideynlərlə daha sıx işləməlidir və bu, növbəti tədris ilində  bizim üçün prioritet istiqamət olaraq müəyyən edilib.  “Hesab edirik ki, məktəblərdə tam sağlam mənəvi-psixoloji mühit məktəbdaxili zorakılığın qarşısının alınması,  fövqəladə hallar zamanı davranış kodeksinə əməl olunması bizim üçün prioritet istiqamətlər olacaq. Biz bu sahədə yeni normativ sənədlər hazırlayır və müxtəlif səpgili təlimlər keçirməyi  də planlaşdırırıq”.

 

Məktəb sistemində görüləcək işlər barədə danışarkən nazir son illər ərzində tətbiq olunan və bir çoxlarına tanış olan  “Məktəblinin dostu”  layihəsinə toxunub və növbəti tədris ilində layihənin  əhatə dairəsinin  əhəmiyyətli şəkildə genişləndirilməsi və   təxminən 5 dəfə artırılaraq 150 məktəbdə fəaliyyətinin təşkil edilməsinin  qarşıda  duran hədəflərdən olduğunu  bildirib.   

 

 

Müəllim faktoru

 

 

Təhsil sahəsində aparılan  islahatlar barədə  danışarkən  nazir  qeyd edib ki,  bizim üçün hər zaman ən prioritet məqam müəllim faktorudur.  Strategiyanın qəbulundan keçən müddət ərzində ölkə başçısının müvafiq fərman və  sərəncamlarının icrası vasitəsi ilə sistemli  işlər həyata keçirilib.  2014-cü ildən başlayaraq mərhələlərlə bütün ölkə üzrə 150 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib. 2015-ci ildən başlayaraq bu sahədə böyük əməkhaqqı islahatları baş verib  və 2018-ci ildə birinci mərhələsi başa çatıb.   “Mən böyük məmnunluq  hissi ilə qeyd etmək istəyirəm ki, həmin islahatın davamı olaraq növbəti dəfə cənab Prezident  tərəfindən diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin,  eyni zamanda  peşə təhsili sahəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlərin də əməkhaqlarının 20 faiz artırılmasına dair sərəncamlar imzalanıb”.

 

Nazir bildirib ki, indiyə kimi bu istiqamətdə sistemli şəkildə tətbiq olunan tədbirlərin verdiyi yüksək nəticələri biz artıq müşahidə edə bilirik.  Bu tədbirlər nəticəsində cəmiyyətdə müəllim peşəsinin nüfuzunun  əhəmiyyətli şəkildə artması xüsusi olaraq vurğulanmalıdır. Ötən tədris ilinin qəbul kampaniyasının nəticələri olaraq 2090 nəfər 500 baldan yuxarı nəticə göstərən məktəb məzunları ixtisas seçimində birinci yerə müəllimliyi  göstəriblər. Strategiyanın qəbul edildiyi müddət ərzində bu rəqəm 2.3 dəfə artım deməkdir. Hər il nazirlik tərəfindən keçirilən müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu imtahanında ötən il  elektron formada qeydiyyatdan keçən namizədlərin sayı 51 min nəfər olmuşdur. Bu, yalnız son 3 il ərzində 300 faizlik bir artımdır.  “Böyük əminliklə qeyd etmək olar ki,  bu sahədə sistemli işlərin aparılması və davamlı xarakter alması  və cənab Prezident tərəfindən bu günlərdə imzalanan sərəncamlar bizi  tam əmin  edir ki,  bu ilin mərkəzləşmiş işə qəbul kampaniyası, həm də yüksək nəticələr göstərən məktəb məzunlarımız ixtisas seçimində müəllimlik peşəsində müsbət dinamikanı davam etdirəcəklər”. 

 

 

Bərabər imkanlar

 

 

Nazir konfransın əsas mövzularından olan təhsil sistemimizdə bərabər imkanlar və inklüziv yanaşmalar barədə danışıb.  O,  xüsusi olaraq  Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə toxunub.  Fondun bu sahədə qayğıya ehtiyacı  olan uşaqlar üçün çox böyük işlər gördüyünü xatırladıb.  Demək olar ki,  ölkədə olan xüsusi məktəblər,  internat məktəbləri yenilənib  və əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz edilib, sağlamlıq imkanları məhdud,  valideyn himayəsindən məhrum  uşaqlar üçün çox əlverişli təhsil və inkişaf şəraiti yaradılıb.  Bu işlər, digər istiqamətlərdə olduğu kimi,   geniş  və davamlı xarakter alıb. C.Bayramov qeyd edib ki,  Təhsil Nazirliyi olaraq  YUNİSEF-lə  birlikdə ibtidai təhsil səviyyəsində şagirdlərin inklüziv təhsilə cəlb olunması layihəsi həyata keçirilib. Artıq bu istiqamətdə başlanmış işlərin nəticəsi olaraq  Bakı şəhərinin  4 pilot məktəbində 52 şagird inklüziv təhsilə cəlb edilib.   İlkin nəticələr çox müsbətdir və biz layihənin  davam etdirilməsi və genişləndirilməsini planlaşdırırıq.  Eyni zamanda bu il ərzində 10 minə yaxın uşaq, sağlamlıq imkanları məhdud olan uşaq təhsilə cəlb edilib. Onlar  həm xüsusi məktəblərdə, həm inteqrasiya təlimli internat məktəblərdə, eyni zamanda ümumtəhsil məktəblərinin  xüsusi siniflərində  təhsilə cəlb olunub və bu istiqamətdə növbəti illərdə də biz fəaliyyətimizi davam etdirməyi və genişləndirməyi planlaşdırırıq.

 

 

Təhsilin ölçüsü - əlçatanlıq

 

 

Nazir C.Bayramov qeyd edib ki, təhsiln ən vacib göstəricisi  əlçatanlıqdır.   O, il ərzində ölkə başçısı tərəfindən qəbul edilmiş çox mühüm qərarlar barədə danışıb: “Təhsildə əlçatanlıq barədə danışarkən biz  il ərzində cənab Prezident tərəfindən tələbələrin təqaüdlərinin artırılması və eyni zamanda təqaüd alan tələbələrin sayının mart ayının 1-dən 16 min vahid artırılmasını  və növbəti illər üçün bu hədəfin ən azı 50 faizə çatdırılmasını xüsusi olaraq qeyd etmək istərdim. Eyni zamanda dövlət sifarişli yerlərin dövlət vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edən tələbələrimizin sayının 2019-2020-ci akademik ildən 2018-2019-cu tədris  ili ilə müqayisədə  12300 yerdən 20500  yerədək artırılması və faiz nisbətilə 66 faizlik bir artımı xüsusi olaraq qeyd etmək istərdim. Bizim ali təhsilimiz bununla da daha geniş sayda tələbələrimiz üçün əhəmiyyətli dərəcədə əlçatan olacaq”.

 

Təhsil naziri çıxışının sonunda qeyd edib ki,

 

hər bir təhsil sisteminin əsas göstəricisi, əsas hədəfi hər tələbəyə, hər şagirdə, hər vətəndaşa keyfiyyətli təhsilin təqdim edilməsidir

 

Bu sahədə qarşımızda çoxsaylı çağırışlar var. Mən əminəm ki,  ikigünlük konfrans zamanı bu istiqamətdə çox faydalı və dəyərli müzakirələr aparılacaq və həmin çağırışlara dair təkliflər və tövsiyələr veriləcək”.

 

Daha sonra  Dünya Bankının  Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi,   YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional təhsil məsləhətçisi Parmosivea Soobrayan  dünyada təhsilin inkişafı sahəsində mühüm istiqamətlərdən, qlobal çağırışlar və iqtisadiyyatlar dövründə təhsil sistemləri qarşısında duran vəzifələrdən,  Azərbaycanda təhsilin inkişaf trendlərinin dünya təhsilində baş verən dəyişikliklərlə müqayisəli təhlilindən ibarət təqdimatlarla çıxış ediblər. Bildirilib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir.  Qonaqlar Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

 

 

Oruc MUSTAFAYEV