Məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir | |
İyunun 19-da ADA Universitetində ikigünlük “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” mövzusunda IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən konfransda Təhsil Nazirliyi və ADA Universitetinin rəhbər heyəti, respublika təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rektorları, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Tədbiri ali məktəbin akademik işlər üzrə prorektoru Vəfa Kazdal açaraq konfransın məqsədi, əsas hədəfləri, əhəmiyyəti barədə məlumat verib.
V.Kazdal ADA Təhsil İnstitutunun fəaliyyəti və təşəbbüskarı olduğu bir sıra beynəlxalq tədbirlər barədə məlumat verərək IV konfransın daha geniş səviyyəli olduğunu bildirib. Onun sözlərinə görə, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat işi göndərilib.
Təhsil Nazirliyinin dəstəyinin mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb və konfransın nəticələrinin daha vacib olduğunu diqqətə çatdırıb. Rektor ADA Universitetindən olan 3 PHD tələbəsinin xaricdə təhsilinin Təhsil Nazirliyi tərəfindən maliyyələşdirildiyini qeyd edib. Təhsil Nazirliyinə bu sahədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən rektor bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini qeyd edərək universitet üçün müəllim kadrlarının hazırlanması məsələsinin çox aktual olduğunu diqqətə çatdırıb. “Əsas məqsədimiz odur ki, Avropa və Amerikanın PHD proqramlarına diqqət yetirək. Hazırda bu sahədə xüsusi dövlət proqramı hazırlanıb. Çox yaxşı olacaq ki, bizim ümidverici kadrlarımızı xarici universitetlərə göndərək və özümüz üçün müəllim hazırlayaq”.
Konfransın bu işdə rolunun böyük olduğunu deyən rektor tədbirin işinə uğurlar arzulayıb. Rektorun təbirincə, tədbirin işi təkcə məqalə vermək, çıxış etmək deyil, həm də müəllimlərin öz aralarında təhsilimizin ümumi problemlərinə dair müzakirələr aparmasıdır. “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, - deyə rektor qeyd edib.
Keyfiyyətli təhsil
Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın ən qabaqcıl ali məktəblərindən olan ADA Universitetində belə bir konfransın keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyərək qeyd edib ki, “İnklüziv, bərabər və keyfiyyətli təhsil” məsələləri hər bir təhsil sistemi qarşısında duran ən əsas vəzifələrdəndir. “Təhsil Nazirliyi olaraq bizim qarşımızda duran ən vacib məsələ hər bir gəncə, hər bir şagirdə, tələbəyə keyfiyyətli təhsil vermək imkanlarının təqdim edilməsidir”. C.Bayramov çıxışında qarşıda duran çağırışlar, bir sıra hədəflər və bu sahədə həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizdə təhsil sahəsində islahatların “Yol xəritəsi” olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əhatəliliyinə və keyfiyyətinə görə Azərbaycan təhsil sisteminin dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırılması, təhsilin məzmunu, kadr hazırlığı, infrastruktur, idarəetmə sahəsində yeni yanaşmaların tətbiq edilməsi yolu ilə ölkəmizdə beynəlxalq səviyyəli təhsil sisteminin qurulması və davamlı olaraq ölkənin inkişafına təminat verilməsi əsas hədəf seçilmişdir.
Nazir bildirib ki, 2016-cı ildən başlayaraq dövlət vəsaitləti hesabına ümumtəhsil məktəblərinin bazasında birillik məktəbəhazırlıq siniflərinin açılması nəticəsində ölkədə 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb olunması səviyyəsi 24 faizdən 2018-2019-cu tədris ilində 75 faizədək artıb, növbəti illərdə isə bu rəqəmin 90 faizə çatdırılması müəyyənləşdirilib. Daha sonrakı illərdə ölkə üzrə bütün 5 yaşlıların məktəbəhazırlığa cəlb olunması hədəf seçilib.
Təməl bacarıqlarının inkişafına xüsusi yanaşma
Təhsil sistemində təhsilalanların təməl bacarıqlarının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu barədə danışarkən nazir qeyd edib ki, təməl bacarıqlarının erkən yaş dövründən inkişafının xüsusi vacibliyi nəzərə alınaraq 2 il öncə YUNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb edilməsi layihəsinə start verilib. Artıq başa vurmaqda olduğumuz tədris ilindən adıçəkilən icmaların sayı ölkə ərazisində 100-ə çatdırılıb. 3-5 yaşlı 2000 -ə yaxın uşaq həmin məktəbəqədər təhsilə cəlb olunub. Bu məktəblərin müsbət nəticələri və eyni zamanda da böyük ehtiyacı nəzərə alınaraq növbəti 2019-2020-ci dərs ilində layihənin əhəmiyyətli şəkildə ölkə ərazisində genişləndirilməsi nəzərdə tutulur. “Bizim planlar ondan ibarətdir ki, mövcud olan 100 icmadan əlavə olaraq 250 icmada da ölkənun bütün rayon və şəhərlərini əhatə etməklə onun əhatəliliyini əhəmiyyətli şəkildə artıraq”.
Təhsilin məzmunu
Təhsil naziri çıxışında mühüm trendlərdən olan təhsilin məzmunundan da danışıb. O, qeyd edib ki, bu sahədə bizim üçün vacib olan mühüm məqam ondan ibarətdir ki, Təhsil Nazirliyi tərəfindən müasir dövrün çağırışları, gələcək tendensiyalar nəzərə alınmaqla təhsilin məzmununun təkmilləşdirilməsi, təhsilin məzmununa innovativliyin gətirilməsi əsas hədəf kimi müəyyən edilmişdir. C.Bayramov bu sahədə həyata keçirilmiş bir sıra layihələr barədə qısa məlumat verib. Ötən tədris ilində yeni model əsasında yeni yanaşmalar tətbiq edilməklə Ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə ehtiyat dərsliklər yaradılıb və hazırda bu il ərzində 100 məktəbdə pilot sınaqdan keçirilməkdədir. Növbəti ildə eyni dərsliklərin II siniflər üçün digər məktəblərdə pilot səviyyəsində sınaqdan keçirilməsi nəzərdə tutulub. Əlavə olaraq məktəbəhazırlıq sinifləri üçün də yeni model dərsliklərin hazırlanaraq sınaqdan keçirilərək məktəblərə təqdim edilməsi nəzərdə tutulub. Dərsliklər sınaqdan keçdikdən sonra onların daha geniş tətbiqi planlaşdırılır.
Nazir İnformatika fənninin ölkə ərazisində tədrisinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi barədə də məlumat verib. Onun sözlərinə görə, cari tədris ilində ölkənin 71 məktəbi əhatə olunmaqla 26 min şagird layihəyə cəlb edilib. “Bizim planlarımız və gördüyümüz hazırlıq işləri bunu deməyə əsas verir ki, növbəti tədris ilində həm məktəblərin, həm də cəlb olunmaş şagirdlərin sayının sinif, yaş kateqoriyası baxımından genişlənməsi hesabına 100 minə yaxın şagirdin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunması nəzərdə tutulub”.
Növbəti vacib istiqamət məktəb proqramlarının məzmununa STEM yanaşmasının gətirilməsi ilə bağlıdır. Nazir qeyd edib ki, bu məqsədlə aparıcı müəllimlərimiz və bir sıra məktəb rəhbərləri həm ölkə ərazisində, həm də xaricdə xüsusi təlimlər keçiblər. Növbəti tədris ilindən ən azı 15 məktəbdə STEM məzmunu yanaşması tətbiq ediləcək. “Biz düşünürük ki, bu yanaşma ilə biz robototexnika, nanotexnologiyalar, süni intellekt, mexanika kimi elm sahələri üzrə məktəb məzmunu ilə inteqrasiya imkanları əldə edəcəyik”.
Nazir təhsilin keyfiyyətindən danışarkən mühüm istiqamətlərdən biri kimi məktəblərdə sağlam mənəvi- psixoloji mühitin formalaşmasını qeyd edib. Son zamanlar informasiyanın şagirdlər üçün daha çox əlçatanlığı, eyni zamanda şagirdlərin zərərli informasiyalardan qorunması imkanlarının məhdud olması nəzərə alınaraq növbəti tədris ilində məktəb rəhbərləri, təhsilverənlər ailələrlə, valideynlərlə daha sıx işləməlidir və bu, növbəti tədris ilində bizim üçün prioritet istiqamət olaraq müəyyən edilib. “Hesab edirik ki, məktəblərdə tam sağlam mənəvi-psixoloji mühit məktəbdaxili zorakılığın qarşısının alınması, fövqəladə hallar zamanı davranış kodeksinə əməl olunması bizim üçün prioritet istiqamətlər olacaq. Biz bu sahədə yeni normativ sənədlər hazırlayır və müxtəlif səpgili təlimlər keçirməyi də planlaşdırırıq”.
Məktəb sistemində görüləcək işlər barədə danışarkən nazir son illər ərzində tətbiq olunan və bir çoxlarına tanış olan “Məktəblinin dostu” layihəsinə toxunub və növbəti tədris ilində layihənin əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi və təxminən 5 dəfə artırılaraq 150 məktəbdə fəaliyyətinin təşkil edilməsinin qarşıda duran hədəflərdən olduğunu bildirib.
Müəllim faktoru
Təhsil sahəsində aparılan islahatlar barədə danışarkən nazir qeyd edib ki, bizim üçün hər zaman ən prioritet məqam müəllim faktorudur. Strategiyanın qəbulundan keçən müddət ərzində ölkə başçısının müvafiq fərman və sərəncamlarının icrası vasitəsi ilə sistemli işlər həyata keçirilib. 2014-cü ildən başlayaraq mərhələlərlə bütün ölkə üzrə 150 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib. 2015-ci ildən başlayaraq bu sahədə böyük əməkhaqqı islahatları baş verib və 2018-ci ildə birinci mərhələsi başa çatıb. “Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, həmin islahatın davamı olaraq növbəti dəfə cənab Prezident tərəfindən diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin, eyni zamanda peşə təhsili sahəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlərin də əməkhaqlarının 20 faiz artırılmasına dair sərəncamlar imzalanıb”.
Nazir bildirib ki, indiyə kimi bu istiqamətdə sistemli şəkildə tətbiq olunan tədbirlərin verdiyi yüksək nəticələri biz artıq müşahidə edə bilirik. Bu tədbirlər nəticəsində cəmiyyətdə müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artması xüsusi olaraq vurğulanmalıdır. Ötən tədris ilinin qəbul kampaniyasının nəticələri olaraq 2090 nəfər 500 baldan yuxarı nəticə göstərən məktəb məzunları ixtisas seçimində birinci yerə müəllimliyi göstəriblər. Strategiyanın qəbul edildiyi müddət ərzində bu rəqəm 2.3 dəfə artım deməkdir. Hər il nazirlik tərəfindən keçirilən müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu imtahanında ötən il elektron formada qeydiyyatdan keçən namizədlərin sayı 51 min nəfər olmuşdur. Bu, yalnız son 3 il ərzində 300 faizlik bir artımdır. “Böyük əminliklə qeyd etmək olar ki, bu sahədə sistemli işlərin aparılması və davamlı xarakter alması və cənab Prezident tərəfindən bu günlərdə imzalanan sərəncamlar bizi tam əmin edir ki, bu ilin mərkəzləşmiş işə qəbul kampaniyası, həm də yüksək nəticələr göstərən məktəb məzunlarımız ixtisas seçimində müəllimlik peşəsində müsbət dinamikanı davam etdirəcəklər”.
Bərabər imkanlar
Nazir konfransın əsas mövzularından olan təhsil sistemimizdə bərabər imkanlar və inklüziv yanaşmalar barədə danışıb. O, xüsusi olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə toxunub. Fondun bu sahədə qayğıya ehtiyacı olan uşaqlar üçün çox böyük işlər gördüyünü xatırladıb. Demək olar ki, ölkədə olan xüsusi məktəblər, internat məktəbləri yenilənib və əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz edilib, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün çox əlverişli təhsil və inkişaf şəraiti yaradılıb. Bu işlər, digər istiqamətlərdə olduğu kimi, geniş və davamlı xarakter alıb. C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi olaraq YUNİSEF-lə birlikdə ibtidai təhsil səviyyəsində şagirdlərin inklüziv təhsilə cəlb olunması layihəsi həyata keçirilib. Artıq bu istiqamətdə başlanmış işlərin nəticəsi olaraq Bakı şəhərinin 4 pilot məktəbində 52 şagird inklüziv təhsilə cəlb edilib. İlkin nəticələr çox müsbətdir və biz layihənin davam etdirilməsi və genişləndirilməsini planlaşdırırıq. Eyni zamanda bu il ərzində 10 minə yaxın uşaq, sağlamlıq imkanları məhdud olan uşaq təhsilə cəlb edilib. Onlar həm xüsusi məktəblərdə, həm inteqrasiya təlimli internat məktəblərdə, eyni zamanda ümumtəhsil məktəblərinin xüsusi siniflərində təhsilə cəlb olunub və bu istiqamətdə növbəti illərdə də biz fəaliyyətimizi davam etdirməyi və genişləndirməyi planlaşdırırıq.
Təhsilin ölçüsü - əlçatanlıq
Nazir C.Bayramov qeyd edib ki, təhsiln ən vacib göstəricisi əlçatanlıqdır. O, il ərzində ölkə başçısı tərəfindən qəbul edilmiş çox mühüm qərarlar barədə danışıb: “Təhsildə əlçatanlıq barədə danışarkən biz il ərzində cənab Prezident tərəfindən tələbələrin təqaüdlərinin artırılması və eyni zamanda təqaüd alan tələbələrin sayının mart ayının 1-dən 16 min vahid artırılmasını və növbəti illər üçün bu hədəfin ən azı 50 faizə çatdırılmasını xüsusi olaraq qeyd etmək istərdim. Eyni zamanda dövlət sifarişli yerlərin dövlət vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edən tələbələrimizin sayının 2019-2020-ci akademik ildən 2018-2019-cu tədris ili ilə müqayisədə 12300 yerdən 20500 yerədək artırılması və faiz nisbətilə 66 faizlik bir artımı xüsusi olaraq qeyd etmək istərdim. Bizim ali təhsilimiz bununla da daha geniş sayda tələbələrimiz üçün əhəmiyyətli dərəcədə əlçatan olacaq”.
Təhsil naziri çıxışının sonunda qeyd edib ki,
Bu sahədə qarşımızda çoxsaylı çağırışlar var. Mən əminəm ki, ikigünlük konfrans zamanı bu istiqamətdə çox faydalı və dəyərli müzakirələr aparılacaq və həmin çağırışlara dair təkliflər və tövsiyələr veriləcək”.
Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi, YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional təhsil məsləhətçisi Parmosivea Soobrayan dünyada təhsilin inkişafı sahəsində mühüm istiqamətlərdən, qlobal çağırışlar və iqtisadiyyatlar dövründə təhsil sistemləri qarşısında duran vəzifələrdən, Azərbaycanda təhsilin inkişaf trendlərinin dünya təhsilində baş verən dəyişikliklərlə müqayisəli təhlilindən ibarət təqdimatlarla çıxış ediblər. Bildirilib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Qonaqlar Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.
Oruc MUSTAFAYEV |
|
21.06.2019 | 10:53 | |
|
|
|