Elina Əliyeva: “Dərnək və qruplar cəmiyyətdə ilkin biliklər rolunu oynayır”
Elina Əliyeva 1961-ci ildə Saatlı rayonunda anadan olub. 1979-cu ildə Qax şəhər 1 nömrəli tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika və psixologiya fakültəsinə daxil olub. 1983-cü ildə universiteti bitirərək Qax şəhər 2 nömrəli məktəb-liseydə pioner baş dəstə rəhbəri (indiki Uşaq Birliyi Təşkilatının rəhbəri) kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışır.
- Elina xanım, məktəbdənkənar müəssisələrin əsas vəzifəsi nədən ibarətdir?
- Məktəbdənkənar müəssisənin əsas vəzifəsi uşaq və yeniyetmələrin maraq, meyil və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların asudə vaxtının səmərəli təşkilidir.
- Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində hal-hazırda neçə dərnək fəaliyyət göstərir?
- Hal-hazırda müəssisəmizdə 31 dərnək fəaliyyət göstərir. Dərnəklər əsasən I-III-VI günlər keçirilir. Əksəriyyəti müəssisənin özündə təşkil olunur, lakin məktəblərdə də təşkil olunan dərnəklər var.
“Toxuma əl işləri”, “Bacarıqlı əllər”, “Məktəb teatrı”, “Ağac üzərində oyma”, “İnformatika”, “Elektrotexnika”, “Bədii qiraət”, “Rus dilini sevənlər”, “Təsviri incəsənət”, “Yumşaq oyuncaqlar”, “Nağıl-debat”, “İbtidai texniki modelləşdirmə”, “Gənc dizayner”, “Uşaq xalq rəqsləri”, “Coğrafiya diyarşünaslıq”, “Texniki estetika” və s. kimi dərnəklərimiz məktəblilərin ixtiyarındadır.
- Uşaqlar üçün məktəbdənkənar təhsilin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Hər yaş dövründə uşaqların asudə vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Məktəbdənkənar təhsil müəssisələri uşaqların digər təhsil müəssisələrində aldıqları təhsilin praktik vərdişlərə çevrilməsini təmin edərək, onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaradır. Burada artıq uşağın informasiya alma forması əyləncəyə çevrilir.
- Sizin müəssisədə iş necə qurulur, uşaq və gənclərin istedadlarını aşkar etmək üçün nə kimi tədbirlər həyata keçirilir?
- Müəssisəmiz öz fəaliyyətini UGİM-nin nizamnaməsinə, Təhsil Nazirliyinin normativ hüquqi sənədlərinə, Respublika Əmək Məcəlləsinə, Təhsil Qanununa, fəaliyyət planına uyğun qurur. Eyni zamanda asudə vaxtı düzgün təşkil etmək üçün uşaqların gündəlik, həftəlik rejiminə müvafiq olaraq işimizi qurmağa çalışırıq. İstedadlı uşaqlara xüsusi qayğı ilə yanaşılır, müsabiqələrdə fərqlənən şagirdlər rəğbətləndirilir. Tez-tez müəssisədə istedadı ilə fərqlənən şagirdlərin sərgiləri təşkil olunur, onların respublika səviyyəli tədbirlərdə iştirakı təmin edilir.
- Bildiyiniz kimi, bu günün gənci fərqli düşünmə tərzinə malikdir, onların meyil və maraqları da fərqlidir, sizcə müəssisənizdə fəaliyyət göstərən dərnəklər uşaq və gənclərin tələbatını ödəyə bilir?
- Maraqlı sualdır. Biz iki il öncə məktəblilər arasında “Boş vaxtını harda keçirmək istərdin” adlı anket sorğusu keçirmişdik. Şagirdlərin böyük əksəriyyəti internet klublarda cavabını vermişdi. Belə olan halda bir sual ortaya çıxır. Biz məktəbdənkənar müəssisələrin işini necə qurmalıyıq ki, necə etməliyik ki, uşaqlar boş vaxtlarını internet klublarda deyil, məktəbdənkənar müəssisələrdə keçirmək istəsinlər. Bunun bir cavabı var. Biz çalışırıq ki, dərnəklərin keçirilməsinə verilən tələblərin öhdəsindən layiqincə gələk və düşünürəm ki, biz buna nail olmuşuq. Keçirdiyimiz tədbirlər, müsabiqələr, sərgilər şagirdlərin böyük marağına səbəb olur. Müxtəlif tədbirlərin təşkilindəki bilavasitə iştirakı onların əməkdaşlıq, məsuliyyətlilik, araşdırma bacarıqlarının və media-savadlılıq dərəcəsinin artmasına mühüm təsir göstərir. Bununla yanaşı dərnək və qruplar cəmiyyətdə ilkin sosial birliklər rolunu oynayır ki, bu da ölkəmizin gələcək mədəni mühitini formalaşdırır.
- Bir az da uğurlarınızdan danışaq.
- Demək olar ki, hər il dərnək üzvlərimiz respublika səviyyəli tədbirlərdə iştirak edərək fərqlənmişlər. Məsələn, 2017-ci ilin dekabr ayında “Azərbaycan Dramaturgiyası dünən və bu gün” Uşaq və Gənclərin I Respublika Dram müsabiqəsində “Ana yurdum Azərbaycan” mövzusunda “Qarabağ qan yaddaşımız” kompozisiyasına görə II yerə layiq görüldük. 2017-ci ildə dərnək üzvü Rzayev Rəşid Əfqan oğlu “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində “Əl işi” nominasiyası üzrə III yeri tutub. “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsində fəal iştirakına görə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinə təşəkkürnamə verilib. 23 fevral 2018-ci ildə “Şəhid şəhər” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində iştirakına görə Qocayeva Fəridə Anar qızı təltif olunub. 2018-ci ilin mart ayında Mərkəzin “Tumurcuq” rəqs kollektivi AXC-nin 100 illiyinə həsr olunmuş “Ölkəmizin rəqs çələngi” Respublika Uşaq Rəqs Festivalı Müsabiqəsində “Milli rəqs” nominasiyası üzrə təltif edilib. 2018-ci il dekabrın 20-də “Fövqəladə hallar uşaqların gözü ilə” VIII respublika uşaq yaradıcılıq müsabiqəsində “Əl işi” nominasiyası üzrə Hacımahmud Mahmudov I, Ayxan Avdizadə I, Kaxaber Papiaşvili “Rəsm” nominasiyası üzrə III yerə layiq görülüb.
- Uğur formulunuzu bizimlə bölüşərdiniz.
- Ümumiyyətlə, məktəbdənkənar müəssisələrə dövlət qayğısı həmişə diqqət mərkəzində olub, bu da bizi işləməyə, yaradıcılığa ruhlandırır. 2014-cü ildə cənab Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2018-ci ilin mart ayında Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” adlı konfrans keçirilib və mənə də həmin konfransda etimad göstərilərək “Qax rayon Uçaq-Gənclər İnkişaf Mərkəzində işin təşkili” mövzusunda çıxış verildi. Bütün bunlar bizim məsuliyyətimizi ikiqat artırdı. Uğur formulumuz isə yalnız məsuliyyətlə və vicdanla öz işinin öhdəsindən gəlməyə çalışmaqdır.
Sonda fəaliyyətimizdə bizə yaxından köməklik göstərən, daim dəstək olan Təhsil Nazirliyinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi