Yasamal rayonu M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı illik hesabatını açıqlayıb. Bu məqsədlə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İbrahim Müseyibov, AMEA-nın Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova, AMEA-nın coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, doktorant Fəridə Talıbova, AMEA-nın Astrofizika İnstitutundan dosent Mirnamiq Bəşirov qonaq qismində iştirak ediblər.
Bu barədə “Azərbaycan müəllimi”nə Bakıdakı 173 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, “Kiçik Akademiya”nın rəhbəri Gülsarə İmanova məlumat verib. Hesabatda bildirilib ki, 2016-cı ilin dekabr ayından etibarən təmsil etdiyi məktəbdə yaradılan “Kiçik Akademiya” bir sıra mühüm işlər görüb. Belə ki, Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin 93-94 ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə “Kiçik Akademiya”nın üzvləri çıxışlar edib və sertifikatla mükafatlandırılıblar. “Qərbi Kaspi Universitetində ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü münasibəti ilə keçirilən inşa yazı müsabiqəsində iştirak edərək mukafat almışıq. Hər yarımilin sonunda ya AMEA-nın alimlərindən bir qrup mütəxəsisi məktəbimizə qonaq dəvət edərək, ya da “Kiçik Akademiya”nın fəal üzvlərindən bir qrup şagirdlə AMEA-da alimlər qarşısında hesabat vermişik. Şagirdlərimiz AMEA-da yaradılmış ayrı-ayrı institutların sərgisində iştirak edərək müxtəlif işlərlə, cap olunmuş elmi əsərlərlə tanış olublar. Bundan əlavə, AMEA-nın H.Zərdabi adına Təbiət muzeyinə, Zoologiya İnstitutunun muzeyinə səyahət edərək ətraflı məlumatlara yiyələniblər. Tez-tez məktəbimizdə müxtəlif mövzularda diskusiyalar, dəyirmi masalar keçirir, şagirdləri maraqlandıran mövzular haqqında referatlar hazırlayiriq”,-deyə G.İmanova nəzərə çatdırıb.
Onun sözlərinə görə, 2018-ci ilin fevral ayında keçirilən Sabahın alimləri VII Respublika müsabiqəsidə “Kiçik Akademiya”nın üzvü Babayeva Məryəm iştirak edib və sertifikatla mükafatlandırılıb. 2019-cu ilin fevral ayında keçirilən Sabahın alimləri VIII Respublika müsabiqəyə yenə də M.Babayeva layihə təqdim edib. Layihə müsabiqənin rəhbərliyi tərəfindən sertifikatla qiymətləndirilib.
Martın 28-də Təhsil Nazirliyində mükafatlandırılanlar arasında məktəbin şagirdi M.Babayevanın “Ekologiya, Ətraf Mühitin İdarə Olunması” nominasiyası üzrə layihəsi də olub və ABŞ-ın “Amerikan Meterologiya Cəmiyyəti “ tərəfindən sertifikatla qiymətləndirilib.
Bundan başqa, cari ilin fevralın 19-da məktəbin nümunəvi şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
G.İmanova deyib ki, həmçinin “Gənc bioloqlar” yaradıcılıq müsabiqəsi, klassik Azərbaycan şairi İ.Nəsiminin 650 illiynə həsr olunmuş 7-ci və 8-ci sinif şagirdləri arasında “Əyləncəli Kimya - Biologiya” adlı breyn - rinq də təşkil olunub.
“Qeyd olunanlarla yanaşı, Şamaxı Astrofizika rəsədxanasının gənc alimləri məktəbin "Gənc Fiziklər"dərnəyinin üzvləri ilə mart və aprel ayları ərzində seminar treninqləri keçiriblər. Sonra “Kiçik Akademiya”nın fəaliyyət planına uyğun olaraq "Kosmosu Öyrənirik" layihəsi həyata keçirilib və məktəblilərin astronomik biliklərinin artırılması, kosmik tədqiqatlara marağın formalaşdırılması məqsədilə Tusi BOHM Planetariumda "Həyatın Başlanğıcı" adlı film nümayiş etdirilib. Eyni zamanda, AMEA-nın M.N.Tusi adına Astrofizika Rəsədxanası ilə “Kiçik Akademiya”nın qarşılıqlı əməkdaşlığının nəticəsi olaraq Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya etdik. Astrofizika Rəsədxanasının gənc alimləri “Kiçik Akademiya” üzvlərini rəsədxananın muzeyi ilə tanış etdilər”,-deyə G. İmanova nəzərə çatdırıb.
Onun verdiyi məlumata görə, hesabat dövründə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Gənc kimyaçılar yaradıcılıq müsabiqəsi"ndə məktəbin şagirdi Dadaşzadə Fatimə final mərhələsinə vəsiqə qazanıb. V Respublika fənn müsabiqəsində isə riyaziyyat fənni üzrə Topçubaşov Nazim final mərhələsinə vəsiqə əldə edib.
G.İmanova əlavə edib ki, hesabat dövründə 18 may Beynəlxalq Muzey Günü münasibəti ilə şagirdlər muzeylərdə, tarixi abidələrdə, şair və yazıçıların ev muzeylərində incəsənət sərgilərində olublar. Bandan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin 101 - ci ildönümünə həsr olunan “Canım Azərbaycan” adlı tədbir keçirilib.
G.İmanova Akademiyanın fəal üzvlərinin təqdimatlarının AMEA əməkdaşları tərəfindən qiymətləndirilməsinə də toxunub. O bildirib ki, CİS əsasında çay daşqınlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi (Babayeva Məryəm), Şəki xanlığı (İbrahimova Ceyran), Biz niyə qocalırıq (Abdullayeva Lamiyə), Günəş sistemi (Topçubaşov Nazim),Riyazi teorem və anlayışların həyat həqiqətləri və atalar sözləri ilə bağlılığı (Məlikov Azər) adlı təqdimatlara rəylər bildirilib və “Kiçik Akademiya” üzvlərinə Azərbaycan Respublikasının Milli Atlası və kitablar hədiyyə edilib.