Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
Şura üzvləri imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar. Eyni zamanda, şura üzvləri LDU-nun təhsil həyatı, burada professor-müəllim-tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili, universitetin yenilənmiş maddi-texniki bazası, yardımçı təsərrüfatı ilə yaxından tanış olmaq imkanı qazanıblar.
İmtahanların gedişi ilə tanışlıqdan sonra İctimai şuranın üzvləri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüblər. Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratlarıyla maraqlanıb, təklif və rəylərini dinləyib. O, imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini deyib.