Müsabiqədə fərqlənən 56 şagird mükafatlandırılıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  N.Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

 

AMEA-dan verilən məlumata görə,  tədbiri  Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Namiq Cəlilov açaraq  məktəblilər arasında belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, uşaq və yeniyetmələrdə astronomiyaya dair dünyagörüşün formalaşdırılması onların gələcək inkişafında mühüm rol oynayacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən geniş söz açıb. O, respublikamızda digər sahələrdə olduğu kimi elmin inkişafını və təbliğini təmin etmək məqsədilə Fond tərəfindən  müxtəlif müsabiqə və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.

 

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin Bakı şəhər məktəblərində yerləşən Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.

 

Sonda müsabiqədə fərqlənən 56 şagirdə sertifikat, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim edilib. Müsabiqədə I, II, III yeri tutan məktəblilər Təhsil Nazirliyi RUGİM- nin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

 

Qeyd edək ki, müsabiqə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq–Gənclər İnkişaf  Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı və Bilik fondlarının, “Tusi-Bohm Planetarium”un birgə təşkilatçılığı ilə reallaşıb.

 

Samirə  KƏRİMOVA