Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilb.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev məzunları və onların valideynlərini təbrik edib. Liseyin 11 illik fəaliyyətindən söz açan rektor, bu illər ərzində qazanılan nailiyyətlərdən danışıb. Liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib. Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü vurğulayan E.Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlara da toxunub.
Sonra liseyin direktoru, professor Qasım Hüseynov 2018-2019-ci tədris ilində şagirdlərin respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə qazandığı uğurlardan ətraflı bəhs edib.
Sonra valideynlər adından Arzu Eyyubova, məzunlar adından isə liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış edərək məzunları təbrik ediblər.
Tədbir lisey şagirdlərinin rəngarəng proqramı ilə başa çatıb.
Sifai SƏFƏROVA