“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Mais Şabanov: “Mütaliə xəyal dünyamızı genişləndirir”
Müsahibim Təhsil Nazirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Qax şəhər 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Mais Şabanovdur.
- Mais, “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində iştirak edəcəyini bildikdə hansı hissləri keçirdin?
- Düzü, müsabiqənin təqdim olunan 12 mövzu əsasında keçiriləcəyini eşitdikdə məsuliyyət hissim birə-beş artdı. Axı mən bu müsabiqədə rayonumuzun bütün məktəblilərini təmsil edəcəkdim. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində atılan hər bir uğurlu addıma görə bir etibarlı təmələ - Heydər Əliyev ideyalarına minnətdarıq. Və mən də bu zəngin irsin 12 istiqaməti üzrə məlumatlılığımı nümayiş etdirəcəkdim.
-Əldə etdiyin uğura görə, yəqin ki, borclu olduğun minnətdarlıq hissi də keçirirsən.
- Birinci növbədə, müstəqilliyimizin əbədiliyi və dönməzliyi uğrunda mübarizəyə həyatını həsr etmiş ümummilli liderə - Heydər Əliyevə olan hörmət və sevgim, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimim Gülbəniz Seyidovanın üzərimdə əziyyəti uğuruma yol açdı. Müsabiqədə qalib gəlmək üçün nitq və səhnə mədəniyyətimin də yüksək səviyyədə olması lazım idi və biz birlikdə gərgin hazırlıq mərhələsi keçdik.
- Sən dərs əlaçısısan, müxtəlif müsabiqə və olimpiadalarda uğurla iştirak etmisən. Bütün bunlarda valideynlərinin rolu necə olub?
- Yaxından tanıdığım uşaqların valideynləri ilə insiyyətdə olarkən onların övladlarının gələcəyi ilə bağlı qorxu və həyəcan hissi keçirmələrinin şahidi olmuşam. Bunu da təbii hesab edirəm. Valideynlərimlə fərqli nəsillərin nümayəndələri olsaq da, bizim bir ortaq dünyamız vardır. Ata-anamın gələcəyimlə bağlı niyyət və arzularını başa düşürəm, ancaq bu işdə mənim fikir və məqsədlərimə nə qədər üstünlük verdiklərini gördükdə qürur hissi duyuram.
- Bu gün belə bir fikir vardır: gənc nəslin kitab dünyası kompüterlə əvəz olunmuşdur, bütün məlumatları oradan alırlar. Sən də bu fikirdəsən?
- Kitab oxumağı çox sevirəm. Azərbaycan dili və ədəbiyyat müəllimi olan nənəm məndə mütaliəyə maraq oyadıb. Bəzən hər hansı müəllifin əsəri əsasında çəkilmiş filmə baxdıqda təəccüblənirəm. Axı bu qəhrəmanı mən belə təsəvvür etməmişdim…Mütaliə bizim xəyal dünyamızı genişləndirir, bəzən hətta texnologiyaların bizi fantaziyadan məhrum etdiyi qənaətinə gəlirəm, buna görə də düşünmək və xəyal qurmaq üçün kitab ən yaxşı vasitədir.
- Hansı sahənin mütəxəssisi olmağı düşünürsən?
- Kompüter mühəndisliyi ixtisası ilə maraqlanıram, oxuduğum təmayül sinfində də bu sahə ilə bağlı elmlərin əsaslarına yiyələnməyə çalışıram. Lakin uğur qazanmaq üçün müxtəlif sferalarla maraqlanmağa daha çox üstünlük verirəm. Çalışıram ki, müxtəlif sahələrə aid aldığım informasiyalar mənə gələcək həyatımda daha yaradıcı olmaqda kömək etsin, innovasiyalara doğru olan yolu göstərsin.
- Həyatda qarşılaşa biləcəyin ən böyük çətinlik nədir?
- Həddindən artıq bilikli ola bilərsən, məlumatlılığın çox ola bilər, lakin real həyatda qarşılaşa biləcəyin situasiyalardan baş çıxara bilmək bacarığın olmaz. Buna görə də aldığım hər bir informasiya əsasında strategiyaları bilməyə daha çox maraq göstərirəm. Həyati məsələlərlə bağlı diskussiyalarda iştirak etməyi, fikir yürütməyi sevirəm. Karyera fəaliyyətimdə öz qabiliyyət və zəkamı düzgün istiqamətdə tətbiq etməyimə mane olacaq heç bir faktorun olmaması üçün hərtərəfli olmağa çalışıram.
- Hər bir insanın həyatını dəyişən məqamlar olur. Bəzən bir kitab, bəzən bir uğursuzluq və ya tərsinə. Sənin həyatında belə bir məqam olubmu?
- Həyatda qarşıma çıxan hər şey-yaxşı və ya pis məni öz vərdişlərimi, xarakterimi bir daha nəzərdən keçirməyə məcbur edir. Nail olduqlarımın mahiyyətinə varıb yaşam tərzimə nəzər salıram, heç zaman mənəviyyat və etika məsələlərini unutmuram. “Ən yaxşı təqdimat” müsabiqəsində iştirakım məni inandırdı ki, zəhmət nəticəsində insan sahib olduğunu əsla xəyalına gətirmədiyi keyfiyyətləri üzə çıxara və cilalaya bilər.
- Məktəbi bitirməyə tələsirsənmi?
- Yox. Məktəb mənə çox şey öyrətdi, burda məni maraqlandıran hər bir sahə ilə məşğul olmaq imkanım vardır. Məsələn, biologiya, coğrafiya mənim sahəm olmasa da, fundamental biliklərə yiyələnmək və gələcəkdə öz sahəmdə yeniliklərə imza atmaq üçün bu sahələrə də diqqət yetirməyim vacibdir.
- Özünü istedadlı şagird hesab edirsənmi?
- Bəzən haqqımda deyilən təriflərdən sonra özümə kənardan baxmaq istəyim içimdə baş qaldırır: Mən buna, həqiqətən, layiqəmmi? İstəyərdim ki, istedadım hədəfimi müəyyən etməkdə və qarşıma konkret məqsədlər qoymaqda daha çox üzə çıxsın. “Bütün bunları necə çatdıracağam?” sualı məni narahat etmədiyi halda özümü istedadlı hesab edəcəyəm.
- Həyat şüarın nədir?
- “Həyatımın xoşbəxt sonluqlu” romanını yazmaq.
Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi