Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin  icrası ilə bağlı yekun konfrans keçirilib.

 

Universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov pilot layihənin icrası ilə əlaqədar görülən işlərdən söz açıb.

 

Diqqətə çatdırılıb ki, pilot layihənin icrası  LDU ilə layihəyə qatılan  Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına, metodiki və təlim metodlarının təkmilləşdirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına imkan verib, birgə fəaliyyət  tərəflər  üçün səmərəli olub.

 

Layihənin kordinatoru, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov qeyd edib ki, görülən işlərin nəticələri gözlənildiyindən də uğurlu olub. Belə ki, layihənin tədbiqi nəticəsində ali təhsil müəssisəsi ilə umumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq mühiti formalaşıb, tədris-metodiki işlərin effektiv qurulması təmin edilib. Bundan başqa, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına nail olunub, istedadlı məktəblilərin aşkarlanması və onların respublika  fənn olimpiadalarında uğurlu iştiraklarının təmini sahəsində mühüm nailiyyətlər qazanılıb.

 

Pilot layihənin tədbiq edildiyi hər 3 rayon üzrə son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə  artıb, onların nəticələri  əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə  yüksəlib. Pilot layihə çərçivəsində görülmüş işlərin nəticələri barədə  kitabın tərtib edilməsi isə  imkan verir ki, qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil müəssisələri də  yararlana bilsinlər.

 

Məruzə ətrafında keçirilən müzakirələrdə Lənkəran , Astara, Yardımlı rayonlarının  təhsil şöbələrinin rəsmiləri, təhsil işçiləri, layihə iştirakçısı olan universitet müəllimləri  çıxış edərək qarşılıqlı fikir mübadiləsi aparıblar. İştirakçılar birmənalı olaraq  Pilot layihəni səmərəli hesab etdiklərini bildirərək, onun davamlı olmasını Təhsil Nazirliyindən və universitet rəhbərliyindən xahiş ediblər. Öz növbəsində Lerik rayon təhsil şöbəsinin müdiri, bu rayonun təhsil işçiləri də növbəti tədris ilində pilot layihəyə qoşularaq ondan yararlanmaq niyyətində olduqlarını bildiriblər.

 

Konfransın işində iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev layihəni uğurla yekunlaşdırdığına  görə universitetin rəhbərliyinə, professor-müəllim heyətinə, iştirakçı rayonların təhsil işçilərinə minnətdarlıq bildiriblər.

 

Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.