31 may - 8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən və 20 ölkədən 445 şahmatçının qatıldığı 7, 9, 11, 13, 15 və 17 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə məktəblilər arasında Avropa çempionatı başa çatıb. Avropa çempionatında Naxçıvanı təmsil edən 9 yaş oğlanlar qrupunda Məmmədli Əli 5,5 xalla 12-ci pillədə, 11 yaş oğlanlar qrupunda Qəbulov İlkin 5,5 xalla 14-cü pillədə, 15 yaş qızlar qrupunda Babayeva Nəsrin 4 xalla 12-ci pillərə və 17 yaş oğlanlar qrupunda Məmmədov Sadiq 6,5 xalla 3-cü pillədə turniri uğurla başa vurub. Yarışda ilk dəfə çıxış etmələrinə baxmayaraq Naxçıvan şahmatçılarından Sadiq Məmmədov III yerə çıxıb. Qeyd edək ki, II yerlə eyni xalı toplamış şahmatçımız yalnız əmsal fərqi ilə III yerə çıxıb və muxtar respublikaya bürünc medala qayıdıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qeyd edib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Son illər Naxçıvanda böyük inkişaf yolu keçən şahmat sahəsində böyük nailiyyətlər əldə edilir.
Bildirilib ki, göstərilən dövlət qayğısı da şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açır. Muxtar respublikanın bütün məktəblərində şahmatın tədris olunması, şahmat məktəblərinin fəaliyyət göstərməsi dünya əhəmiyyətli şahmatçıların yetişməsi üçün əsaslı zəmin yaradılıb və artıq naxçıvanlı şahmatçılar beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində yüksək nəticələr əldə edirlər.
Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev və mərkəzin digər müəllimlər muxtar respublikada bu zəka oyununun inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Sonda Federasiya sədri şahmatda uğur qazanan şagirdləri və onların uğurunda bilavasitə əməyi olan müəllimləri mükafatlandırıb.