Məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi məqəsdilə 2018/2019-cu dərs ilində Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı” keçirilib. Festival çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”, dram və təsviri incəsənət istiqamətləri üzrə müsabiqələr təşkil olunub. Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəb festival çərçivəsində keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsinə qoşulub. Bu barədə “Azərbaycan müəllimi”nə Hacıqabul rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Bəxtiyar Ələkbərov məlumat verib.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün məktəbin coğrafiya müəllimi İlhamə Məmmədzadənin rəhbərliyi ilə VIII sinif şagirdlərindən ibarət ekoqrup yaradılıb. Ekoqrup tərəfindən məktəbdə istifadə olunan cihazlar və onların enerji sərfiyyatı qeyd edilib, pəncərələrin növü və sayı, də eləcə istifadə olunan lampaların növü və sayı hesablanaraq cədvəllər tərtib edilib. Bundan başqa, elektrik enerjisi və suya qənaətlə bağlı aylıq enerji və su sərfiyyatının həcmi, tullantıların təkrar emalı ilə bağlı məktəblilərin yığdığı kağız və plastik qabların miqdarı qeyd edlilib, yaşıl guşənin həcmini müəyyən etmək məqsədilə məktəbdə olan bitki dibçəklərinin sayı hesablanıb.
“Sinif otaqlarının yaşıl dizaynı” adlanan 1-ci tematik gündə ekoqrup üzvləri məktəbin şagirdlərinə təlim keçib , otaq bitkilərinin sağlamlığımıza xeyri, otaqda təmiz havanın yaranması, sinif otaqlarında üstünlük verilən bitkilər haqqında məlumat veriblər.
2-ci tematik gündə ekoqrup üzvləri gün ərzində iki dəfə günorta və axşam (saat 12-13,saat 17-18) eyni küçədən keçən minik və yük avtomobillərini sayıb, sürücülərlə sorğu apararaq ətraf mühitə yayılan tüstünün miqdarını təyin etməklə ərazinin ekoloji vəziyyəti haqqında rəy veriblər.
3-cü tematik gündə ekoqrup üzvləri Hacıqabul rayonunda yerləşən Hacıqabul gölü ərazisinə ekskursiya təşkil ediblər. Göl ərazisinə baxış keçirib, mövcud vəziyyətlə tanış olublar. Bu göl Azərbaycanın ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir. Hal-hazırda göl qurumaqdadır, gölün ekologiyası pozulub, flora və faunası tamamilə məhv olub. Ekoqrup üzvləri işin nəticələrini əks etdirən divar qəzeti hazırlayıblar. Gölü əvvəlki vəziyətinə qaytarmaq, canlı flora və faunanı bərpa etmək üçün təkliflər verilib.
4-cü tematik gündə ekoqrup üzvləri məktəb ətrafı ərazidə, qonşular arasında “Məişət tullantılarının təkrar istifadəsi” barədə anket-sorğu keçiriblər. Anketlər təhlil edilərək lazımsız əşyalardan təkrar istifadə üsulları təklif edilib.
Şagirdlər bu sahədə iş aparmaqla həm öz dünyagörüşlərini, bilik və bacarıqlarını, intellektual düşüncələrini inkişaf etdirmiş, həm də ətrafdakıları maarifləndiribər.
Qeyd edək ki, dərs ili ərzində festival çərçivəsində keçirilən müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Mükafatlandırma mərasimi Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutub. Mükafatlandırma mərasiminə “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə qalib olmuş Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin komandası da dəvət olunub. Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin komandası “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə müsabiqədə II yeri tutub. Qaliblərə Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.