“Heydər Əliyev və türk dünyası” mövzusu müzakirə olunub
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, növbəti bölmə iclası Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilib. Aprelin 13-də isə Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın daha bir bölmə iclası baş tutub. İclas öz işinə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin açılışı ilə başlayıb.
Açılış mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Atatürk Universitetin rektoru professor Ömer Çomaklı, Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini Seymur Şeydayev, fakültə rəisi, professor Cəlal Qasımov, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, Ərzurum valisi Seyfəddin Əzizoğlu və digər qonaqlar iştirak ediblər.
Rektor Ömer Çomaklı təhsil sahəsində türk dövlətləri universitetlərinin əlaqələrinin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb. Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığından bəhs edən rektor, ikitərəfli münasibətlərin müasir dövrdə də uğurla davam etdiyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Atatürk Universitetində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın keçirilməsi rəmzi xarakter daşıyır: “Bir tərəfdə Mustafa Kamal Atatürk və Türkiyə, digər tərəfdə Heydər Əliyev və Azərbaycan. Ümummilli liderin apardığı siyasət Türkiyə-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasında mühüm rol oynayıb”.
ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyl beynəlxalq konfransın 11 ölkənin 13 universitetində təşkil olunduğunu qeyd edib və tədbir iştirakçılarına konfransın mahiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ideologiyasının ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov ,Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Ərzurum valisi Seyfəddin Əzizoğlu çıxışlarında Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindəki böyük xidmətlərindən söz açıblar.
Konfransın işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürcüstandan 52 nümayəndə iştirak edib. Konfrans öz işini 12 seksiyada davam etdirib.