İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində məktəblilərin respublika yaradıcılıq festivalı qaliblərinin təltif olunması mərasimi keçirilib.

 

Tədbirdə tərəfdaş qurumların əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib.

 

Öncə qonaqlar mərkəzin foyesindəki rəsm sərgisi ilə tanış olub.

 

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, onların gələcəkdə ixtisas və peşə seçiminə köməklik göstərilməsi, eləcə də ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb.

 

Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsabiqənin məktəblilərin ekoloji mədəniyyətinin və düşüncə tərzinin formalaşması, ətraf mühitin mühafizəsi və ekoloji təcrübəçilik sahəsində fəaliyyətlərinin artırılmasında rolunu qeyd edib.

 

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev öz növbəsində festivalın məktəblilərin Azərbaycan xalq yaradıcılığı dəyərlərinə, dünya mədəniyyətinin ən yaxşı nümunələrinə hörmət və marağın yaradılması, məktəblilərdə mənəvi dəyərlərin formalaşması baxımından müsbət təsir göstərəcəyini bildirib.

 

Çıxışlardan sonra festival qaliblərinin qiymətləndirilməsi nəticəsində dram, dekorativ-tətbiqi sənət və təsviri incəsənət, ekologiya nominasiyaları üzrə 1, 2, 3-cü yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.

 

Festival Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilib. Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Festival çərçivəsində respublikanın 7 zonası üzrə 61 rayondan 700 nəfərin iştirakı ilə maarifləndirici təlimlər, nominasiyalar üzrə respublika müsabiqələri keçirilib. Ümumilikdə festivalda respublikanın 598 ümumtəhsil məktəbindən 5306 nəfər məktəbli iştirak edib.