Ölkəmizdə tələbə gənclər arasında startap layihələrinə maraq gündən-günə artır. İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrində həyata keçirdiyi “Startap günləri”layihəsinin məqsədi də gənclərin öz ideyalarını intellektual məhsula çevirmələrinə dəstək verilməsindən ibarət olub.
Bu təşəbbüs əsasən universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə “Startap günləri” keçirilib. Hər hansı startap ideyası olan gənclər layihəyə cəlb olunub. Bu vaxta qədər “Startap günləri” BakıdakıTurizm və Texnologiya Peşə Liseyində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində (burada Lənkərandakı kolleclərin tələbələri də iştirak edib), Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində (GDU-nun, Texnologiya Universitetinin tələbələri də iştirak edib), Azərbaycan Dövlət Pedaqoji Universitetində, Qərb Universitetində, həmçinin ASAN Könüllüləri Təşkilatında keçirilib. Tələbələrə öz startaplarını həm fərdi, həm də komanda şəklində təqdim edə bilmək imkanı yaradılıb.
“Startap günləri” layihəsinə iyulda təşkil ediləcək “Startap Azərbaycan” konfransı ilə yekun vurulacaq. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün "Asan Xidmət"in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.
Oruc MUSTAFAYEV