Daha çox çinli tələbə ABŞ-da təhsil almaqdan imtina edərək Böyük Britaniya universitetlərinə üstünlük verir. Bu barədə ABŞ-ın " The Times" qəzeti xəbər yayıb. Qəzetin qeyd etdiyi kimi, çinliləri öz diqqətlərini Böyük Britaniyaya yönəltməyə məcbur edən iki ölkə arasındakı ticarət müharibəsi və Amerika tələbə vizalarının alınması prosesinin çətinləşməsidir.
Çinin Beynəlxalq Təhsil Araşdırmaları İnstitutunun (EIC Education) məlumatına görə, məhz Böyük Britaniya çinli tələbələrin xaricdə təhsili üzrə ən məşhur seçimi olub. Respondentlərin 20% -i Dumanlı Albionda ali təhsil almaq istədiklərini bildiriblər. Rəyi soruşulanlardan yalnız 17 faizi ABŞ-ı seçib. Nəşr qeyd edir ki, Çin orta sinfinin nümayəndələri öz uşaqlarına ingilis dilində ali təhsil verməyə çalışırlar. Bundan başqa, universitetlər özləri Çindən tələbələrin cəlb edilməsində maraqlıdırlar.
2017 -2018-ci tədris ilində Böyük Britaniyada təhsil alan çinlilərin sayı ilk dəfə 100 mini keçərək 106 min təşkil edib. Cari ilin martında isə Britaniya tələbə vizasını almaq üçün artıq Çinin 100 057 vətəndaşı müraciət edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur. Öz növbəsində, ABŞ-a baş çəkən çinlilərin sayı keçən illə müqayisədə 5,7% azalıb.
Hal-hazırda Amerika ali təhsil müəssisələrində 360 mindən artıq Çin vətəndaşı təhsil alır və onlar ABŞ-da əcnəbi tələbələrin ən böyük qrupunu təşkil edir. Onlardan bir çoxu Birləşmiş Ştatlarda robot texnikasını və ya yüksəktexnologiyalı istehsalı öyrənir, vətənə səfərlərdən sonra ABŞ-a qayıdış üçün vizaların verilməsində ləngimələrdən şikayət edirlər.
Qeyd edək ki, Çinin Təhsil Nazirliyi iyunun 3-də Birləşmiş Ştatlara təhsil almağa hazırlaşan çinli tələbələrə vizalardan imtinalara və ya onların müddətinin məhdudlaşdırılması kimi risklərə hazır olmaları barədə rəsmi xəbərdarlıq edib. Qurumun bəyanatında qeyd edilir ki, son zamanlar Birləşmiş Ştatlara təhsil almağa yola düşən tələbələrin bir hissəsi viza məsələsində məhdudiyyətlərlə (sənədlərə baxılma müddətinin uzanması, vizaların təsir müddətinin azaldılması və icazə sənədlərinin verilməsində imtinaların sayının artması) rastlaşıb.
Oruc MUSTAFAYEV