Times: Çinli tələbələr ABŞ-dan üz döndərir

Daha çox çinli  tələbə  ABŞ-da təhsil  almaqdan   imtina edərək Böyük  Britaniya universitetlərinə üstünlük verir.  Bu barədə ABŞ-ın   " The Times" qəzeti xəbər yayıb.  Qəzetin qeyd etdiyi kimi, çinliləri öz diqqətlərini Böyük Britaniyaya yönəltməyə məcbur edən iki ölkə arasındakı  ticarət müharibəsi və Amerika tələbə vizalarının alınması prosesinin çətinləşməsidir.

       

Çinin Beynəlxalq Təhsil Araşdırmaları  İnstitutunun (EIC Education) məlumatına görə, məhz Böyük Britaniya çinli tələbələrin xaricdə təhsili üzrə ən məşhur seçimi olub. Respondentlərin  20% -i  Dumanlı Albionda ali təhsil almaq istədiklərini bildiriblər.  Rəyi soruşulanlardan yalnız 17 faizi  ABŞ-ı seçib. Nəşr qeyd edir ki, Çin orta sinfinin nümayəndələri öz uşaqlarına ingilis dilində  ali təhsil verməyə çalışırlar. Bundan başqa,  universitetlər  özləri Çindən tələbələrin cəlb edilməsində maraqlıdırlar.
     

2017 -2018-ci tədris ilində Böyük Britaniyada təhsil alan çinlilərin sayı ilk  dəfə 100 mini keçərək 106 min  təşkil edib. Cari ilin martında isə Britaniya tələbə vizasını almaq üçün artıq Çinin 100 057 vətəndaşı müraciət edib. Bu isə  ötən ilin müvafiq dövrü ilə  müqayisədə 13% çoxdur.  Öz növbəsində, ABŞ-a baş çəkən çinlilərin sayı keçən illə müqayisədə 5,7% azalıb.
   

Hal-hazırda Amerika ali təhsil müəssisələrində 360  mindən artıq  Çin vətəndaşı təhsil alır və onlar ABŞ-da əcnəbi  tələbələrin ən böyük qrupunu təşkil edir. Onlardan bir çoxu  Birləşmiş Ştatlarda robot texnikasını və ya yüksəktexnologiyalı istehsalı öyrənir,  vətənə səfərlərdən sonra  ABŞ-a  qayıdış üçün vizaların verilməsində ləngimələrdən şikayət edirlər.

     

Qeyd edək ki, Çinin Təhsil Nazirliyi iyunun 3-də  Birləşmiş Ştatlara təhsil almağa hazırlaşan çinli tələbələrə  vizalardan imtinalara və ya onların müddətinin məhdudlaşdırılması kimi risklərə hazır olmaları barədə rəsmi xəbərdarlıq edib. Qurumun bəyanatında  qeyd edilir ki, son zamanlar Birləşmiş Ştatlara təhsil almağa  yola düşən tələbələrin bir  hissəsi viza məsələsində məhdudiyyətlərlə (sənədlərə baxılma müddətinin uzanması, vizaların təsir müddətinin azaldılması  və icazə sənədlərinin verilməsində imtinaların sayının artması) rastlaşıb.

 

 

Oruc MUSTAFAYEV



09.06.2019 | 10:00