Naxçıvan Dövlət Universiteti Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbələrinin Ağır Cinayətlər Məhkəməsində istehsalat təcrübəsi uğurla başa çatıb. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq Sərəncamların bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlara malik olduğunu diqqətə çatdırıb. Nəzəri biliklərin təcrübədə möhkəmlənməsi dünya praktikasına söykənən yeni təhsil konsepsiyasının artıq muxtar respublikada da uğurla icra olunduğu vurğulanıb. Rektor təcrübədə fəallıq nümayiş etdirən tələbələri təbrik edib.
Qeyd edək ki, tələbələr 7 həftə təcrübə dövrü ərzində məhkəmədə arxiv işi, məhkəmə qovluqlarının formalaşdırılmasının öyrənilməsi, məhkəmədə arxiv işinin təşkili qaydaları ilə tanış olublar. Vəkilin, dövlət ittihamçısının rolu barədə məlumatlandırılan tələbələr məhkəmə proseslərində tərcüməçinin, şahidin vəzifələrinin nədən ibarət olduğunu öyrəniblər. Məhkəmə prosesinin aparılma qaydası, məhkəmədə çarpaz dindirmənin mahiyyəti, təqsirləndirilən şəxsin məhkəmədə hüquqları və son sözü təcrübə prosesində əyani olaraq tələbələrə izah edilib. Məlumat üçün bildirək ki, tələbələrin təcrübədə göstərdikləri fəallığı qiymətləndirən Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov onlara Fəxri Fərman təqdim edib.