Hər kəs qaydalara eyni dərəcədə əməl etməlidir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Məktəbdə idarəetmənin düzgün təşkili, qayda və qərarlara tam şəkildə riayət olunması, müəllim nüfuzunun qorunub saxlanılması kimi məsələlər şagirdlərin bilik və bacarıqlarının daha da artmasına birbaşa təsir göstərir. Ona görə də hər bir ümumi təhsil müəssisəsində məktəblilərin nailiyyətlərinin yüksək olması üçün tədrislə yanaşı, bu məsələlərə də ciddi diqqət yetirilməlidir.
Təcrübə göstərir ki, inkişafa xidmət edən işlərin kompleks şəkildə həyata keçirildiyi məktəblərdə daha çox uğur qazanılır. Bunu məktəbimizin timsalında da görmək olar.
Tələbkarlığın müsbət nəticələri
Təcrübəyə əsasən deyə bilərəm ki, məktəbdə işin düzgün qurulması prosesi ilk növbədə rəhbər şəxslərdən başlayır. Məktəb rəhbərliyi bütün qayda və qərarlara ciddi şəkildə riayət etməlidir ki, bu, digərlərinə də nümunə olsun. Bundan başqa, məktəb rəhbəri hər bir müəllimlə həmkar münasibəti saxlamalı, pedaqoji kollektivə tövsiyə və tapşırıqlar verməmişdən əvvəl müəyyən təhlillər aparmalı, yekun nəticəni təxmini müəyyənləşdirdikdən sonra addım atmalıdır. Həmçinin, bütün qərarlar qəbul olunmamışdan əvvəl pedaqoji heyətlə müzakirə edilməli, ümumi fikir əldə olunmalıdır. Çünki məktəb mühitində atılan səhv addım son nəticədə şagirdlərin yüksək bilik və bacarıqlar əldə etməsinə, nailiyyətlər qazanmasına mane ola bilər.
Məktəb rəhbəri həm də daim üzərində çalışmalı, mütaliə etməli, təhsil sahəsində baş verən yenilikləri izləməli, təlim və seminarlara qatılmalıdır. Bu, məktəb rəhbərinə idarəetmə işində çox kömək edə bilər.
Bununla yanaşı, məktəb rəhbəri müəllim həmkarlarından qayda və qərarlara riayət olunmasını tələb etməlidir. Eyni zamanda, müəllimlərin bu tələbləri şagirdlərin qarşısında qoymasını istəməlidir. Çünki işin bu şəkildə qurulması müəllimlərin işə, məktəblilərin dərsə daha məsuliyyətlə yanaşmasına səbəb olur və nəticədə nailiyyətlər artır.
Müəllim nüfuzunun təsiri
Məktəbimizdə müəllim nüfuzunun qorunub saxlanılması, bu peşənin yüksək qiymətləndirilməsi əsas məsələlərdəndir. Bu iş ilk növbədə məktəblinin müəllimə hörmət və sevgi ilə yanaşmasından başlayır. Əlbəttə ki, şagirdi buna məcbur etmək olmaz. Amma məktəbimizdə elə mühit formalaşıb ki, hər kəs müəllim adına hörmət və sevgi ilə yanaşır. Çünki burada şagird müəllimi qayğıkeş, onun gələcəyini düşünərək bu istiqamətdə çalışan, ona elm öyrədən bir qüvvə kimi qəbul edir. Məktəbli ona dərs deyən şəxsə sanki valideyni kimi baxır. Müəllim də öz növbəsində şagirdə övladı kimi yanaşır, onun bütün çətinlikləri ilə maraqlanır. Müəllim məktəblilərin bilik və bacarıqlar qazanmasına kömək edir, onlara həyatda layiqli yer tutmaq üçün düzgün istiqamət verir. Bu hal müəllimlə şagird arasında qarşılıqlı inam yaradır, şərəfli peşə sahibinin nüfuzunu artırır.
Bir daha öz nümunəmdən çıxış edərək deyim ki, məktəbimizdə müəllimlərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün də hər cür şərait yaradılıb. Burada hər bir müəllim şagirdlərin dərsi daha yaxşı qavraması üçün müxtəlif səmərəli üsul və metodlardan istifadə edir. Bununla yanaşı, müəllimlərin bilik, bacarıq və təcrübələrini artırması üçün də hər cür şərait var. Bu məqsədlə onların müxtəlif təlim, seminar və digər tədbirlərdə iştirakı təmin olunur.
Məktəbimizdə əməkdaşlıq müstəvisi ilə yanaşı, müəllimlər arasında sağlam rəqabət mühiti də yaradılıb ki, bu da inkişafa səbəb olur. Belə ki, nümunəvi, daha peşəkar müəllimlərin işi təbliğ edilir, gənc pedaqoqların təcrübəli həmkarlarından öyrənməsi təmin olunur. Bunun üçün mütəmadi şəkildə dərs dinləmələri təşkil edilir. Nəticədə gənc müəllimlər həm təcrübələrini artırır, həm də dərslərini daha yaxşı təşkil etməyə həvəslənirlər.
Əlverişli mühit uğurları artırır
Məktəbimizin pedaqoji kollektivinin qarşısında duran əsas vəzifə şagirdlərin müasir dövrün tələblərinə uyğun şəkildə təhsil almasını, onların cəmiyyət üçün faydalı olmasını, həm də vətənpərvər ruhda böyüməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə məktəbdə yüksək təhsil verilməsi təmin edilməklə yanaşı, məktəblilərin bacarıq və dünyagörüşünün artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Ümumilikdə, təhsil mühiti həyatın özünə xidmət etməli, məktəblilərə bu gün və gələcəkdə lazım olan bilik və bacarıqların aşılanması qayəsi ilə formalaşmalıdır. Məktəbimizin pedaqoji heyəti tam gücü ilə çalışır ki, hər bir şagird müstəqil şəkildə düşünsün, fikirlərini sərbəst ifadə etsin. Təhsil mühiti öyrənəni azad şəkildə inkişaf etməyə, yaradıcı bir fərd olmağa həvəsləndirməlidir. Bu mühitdə şagirdlər gələcəyə hazırlanmalı, baş verən hadisələrin içində öyrənməlidirlər. Məktəbdə təhsil üçün elə mühit formalaşdırılmalıdır ki, təlim real həyatda mövcud olanlara, eləcə də ictimai münasibətlərə əsaslansın.
Bu baxımdan məktəbimizdə hər bir məktəbliyə fərdi yanaşma var. Məsələn, bəzən hansısa şagird çətinliklə üzləşir. Bu zaman həmin məktəbli dinlənilir, üzləşdiyi problemi həll etmək üçün ona hər cür yardım edilir, çıxış yolu göstərilir. Eynilə də, məktəblilərə gələcək peşə seçimində istiqamət verilir, kömək göstərilir. Hər bir şagirdə bilik və bacarığına uyğun şəkildə peşə seçməsi üçün müvafiq istiqamət verilir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbimizin tədris nailiyyətləri yüksək səviyyədədir. Şagirdlər müsabiqə, olimpiada və yarışlarda birincilər sırasında yer tutur. Hər il məzunlar yüksək balla ali məktəblərə daxil olur. Dünyanın nüfuzlu universitetlərində təhsil alan məzunlar da var. Bütün bu uğurlar məktəbin fəaliyyətinin real göstəricisi hesab edilə bilər.
Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına da ciddi diqqət yetirilir. Şəhid Vüqar Sadıqovun adını daşıyan məktəbdə şagirdlərə Vətənə, torpağa, xalqa məhəbbət hissləri aşılanır, onlara Azərbaycan xalqının qəhrəmanlıq tarixi haqqında geniş məlumat verilir.
Gələcək üçün planlar
Yeri gəlmişkən, məktəbimizdə 1800-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 152 müəllim məşğul olur. Burada müəllimlər hər bir məktəblinin gələcəkdə seçəcəyi peşəsindən asılı olmayaraq, bilikli, bacarıqlı, ölkəmizə fayda verə biləcək hərtərəfli şəxsiyyət kimi yetişməsi üçün çalışır.
Məktəbdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr onu deməyə əsas verir ki, pedaqoji kollektivin bu işlərin öhdəsindən layiqincə gəlməyə təcrübəsi də var, əzmi də. Əldə olunmuş uğurları qarşıdakı illərdə daha da artırmaq üçün konkret planlar üzərində iş aparılır. Ən müasir və uğurlu məktəb modelini yaratmağı isə hədəf seçmişik.
Esmira AĞAYEVA,
214 nömrəli tam orta məktəbin direktoru