Nazilə Nağıyeva: “Müəllim üçün ən böyük hədiyyə doğru yola yönəltdiyi şagirdləridir”


Nazilə Nağıyeva 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 2014-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi dilçilik ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) Müsabiqəsində iştirak edib. Nəticədə  53 bal toplayaraq Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi  təyin olunub.

 

 

- Nazilə xanım, müəllim olmaq istəyi sizdə necə yarandı?

 

- Uşaqlıqdan müəllimlərimə böyük həsədlə baxmışam. Onların şəxsən mənim bugünkü həyatımda böyük dəyişikliklərə səbəb olması danılmazdır. Müəllimlərimin doğru istiqaməti nəticəsində bu gün xəyallarımın peşəsinə sahibəm. Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki o öz həyatını xalqın gələcəyinə həsr edərək, gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.

 

- Siz fənninizin tədrisi zamanı hansı problemlər və ya üstünlüklərlə qarşılaşırsınız?

 

- Həqiqətən də, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq çox məsuliyyət tələb edir. Üstünlüklərimiz milli-mənəvi dəyərlərin uşaqlara öz dilimizdə çatdırılması, bədii əsərlər vasitəsilə şagirdlərə ən vacib və xeyirlisini yönləndirmək və bunu onlara inandırmaq bizim əsas vəzifəmizdir. Çünki geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək, məncə, ən çox Azərbaycan dili və ədəbiyyat müəllimlərinin öhdəsinə düşür.

 

- Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllimlər olubmu?

 

- Yaxşı müəllim, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub. Bir müəllim həm şagirdin daxili dünyasını zənginləşdirir, həm onu hərtərəfli tərbiyə, həm də savad aclığından xilas edir. Şagirdlərini bir-birindən seçməyərək və hər nə olur-olsun, öz səmimiyyətini pozmayaraq ədalət və dürüstlüyü öyrədir. Orta məktəbdə təhsil aldığım müddətdə mənim də sevimli müəllimlərim var idi. Onlar mənim üçün yol göstərən nümunəvi insanlar idi. Bu gün də dəyərli müəllimlərimlə əlaqə saxlayıram.

 

- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?

 

- Mənim üçün ən gözəl hədiyyə doğru yola yönəltdiyim şagirdlərimdir. Əgər cəmiyyət üçün faydalı şəxsiyyət yetirmişəmsə, artıq hədiyyəm var, deməkdir. Bir də sənətini şərəflə yerinə yetirdiyin müddətdə şagirdin qəlbində kök salmaq  özü hədiyyədir.

 

- Dərs prosesində daha çox hansı üsul və vasitələrdən istifadə edirsiniz?

 

- Dərs prosesini daha çox şagirdlərə uyğun qururam. Bu, şagirdləri dərsə cəlb etməkdə, dərsi sevdirməkdə əvəzolunmaz vasitədir. Tədris prosesində daha çox sərbəst olmaq mənim üçün önəmlidir. Əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək getməsidir. Fərqli metod və üsullardan istifadə etməyi sevirəm. Kiçik qruplarla iş mövzunun daha səmərəli öyrədilməsində müstəsna rol oynayır. Diskussiya, beyin həmləsi, debat, auksion və s. yeni üsullar məncə, mövzuların mənimsənilməsində daha uğurludur.

 

- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?

 

- Həyatda insanların qazandıqları böyük məsələlər var, əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər. Bunlar insan yetişdirmək, şagirdə verəcəyiniz təmannasız elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməllərdir.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi