Naxçıvan Müəllimlər İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş tədbir  keçirilib. İnstitutun rektoru Elbrus İsayev vurğulayıb ki, görkəmli alimin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 15 aprel 2019-cu il tarixdə Sərəncam imzalayıb. Bu dövlət sənədində qeyd olunur ki, akademik ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

 

Rektor bildirib ki, bugünkü tədbir görkəmli alimin “Xatirələr” memuarının müzakirəsinə həsr olunub. Memuar gələcəyin müəllimlərinin formalaşmasında, onların pedaqoji fəaliyyətlərində, gənc nəslin tərbiyəsində istifadə üçün əvəzolunmaz vəsait, səmimi və inandırıcı həyat hekayətləri kimi dəyərləndirilməlidir. “Naxçıvan xatirələri” və “Bakı xatirələri” kimi iki hissədən ibarət bu toplu özünün əhatə dərəcəsi, daxili məntiqi, ideya istiqaməti, hadisə və ən əsası insanlara münasibəti və yanaşma tərzi, faktların dürüstlüyü və digər məziyyətlərinə görə elmiliklə bədii təsvirin hissolunmaz vəhdəti şəklində oxucuya təqdim olunur.

 

Müzakirələrdə Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlı, kafedranın dosentləri Əbülfəz Əzimli, Nəzakət İsmayılova və başqaları, gənc doktorant və magistrantların, habelə tələbələrin nümayəndələri fəal iştirak ediblər, qədim Naxçıvan diyarının görkəmli yetirmələrindən biri olan akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığı haqqında fikirlərini bildiriblər.

 

Tədbirin ikinci hissəsində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin istehsalı olan “Alim ömrü” sənədli filminə kollektiv baxış olub.

 

Sonda alimin kitablarından təşkil edilmiş sərgi tədbir iştirakçılarında böyük maraq yaradıb.