Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində (NDU) növbəti tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ilə birgə təşkil olunan tədbirdə  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, adıçəkilən sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradır. O əlavə edib ki, muxtar respublikada Baytarlıq ixtisasında oxuyan tələbələr universitetdə dövlət sifarişi əsasında təhsil alırlar. Bundan başqa, qardaş ölkənin təcrübəsindən yararlanmaq üçün hər il bu ixtisas üzrə təhsil alan tələbələr Türkiyənin müxtəlif universitetlərində təcrübə kursu keçirlər.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov “Baytarlıq sahəsində innovativ inkişafın dəstəklənməsi” mövzusunda çıxış edib. Bildirib ki, NDU və Naxçıvan Texniki Kollecinin Baytarlıq Təbabəti ixtisası üzrə təhsil alan tələbələri Xidmətin hamiliyinə verilib. Müvafiq sərəncamın icrası istiqamətində muxtar respublikanın təhsil müəssisələrini bitirən 10 nəfər ixtisaslı baytar həkim Xidmət üzrə müvafiq işlə təmin olunub. Baytarlıq üzrə yeni layihələrin hazırlanmasına diqqəti artırmaq məqsədilə Xidmətin mütəxəssislərindən ibarət ekspert qrupu yaradılıb.

 

Sonra Xidmətin Xüsusi təhlükəli xəstəliklərə nəzarət şöbəsinin müdiri Elnur Əliyev “Kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılımasında innovativ vasitələrin tətbiqi” adlı çıxış edib.

 

Tədbirdə müəllim və tələbələrin mövzu ilə əlaqədar fikirləri dinlənilib.