Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına və elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət edir.

 

Əməkdaşlıq müqaviləsinə Lənkəran-Astara bölgəsində bitki biomüxtəlifliyinin öyrənilməsi, itmək və məhv olmaq təhlükəsində olan bitki növlərinin aşkar edilməsi, birgə elmi seminarların və elmi-praktik konfransların təşkili, aparılan elmi tədqiqatlara gənc tədqiqatçıların, o cümlədən bakalavriyyat və magistratura səviyyəsində təhsil alanların cəlb edilməsi, onların yerli və beynəlxalq konfranslarda iştiraklarının dəstəklənməsi daxildir.

 

5 il müddətində qüvvədə olacaq müqaviləni LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Zeynal Əkbərov imzalayıblar.