Naxçıvan Müəllimlər İnstitutunda 28 may- Respublika günü münasibətilə “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub.
Institutun rektoru Elbrus İsayev “1918-ci ilin 28 mayından başlayan Respublika tariximizin şanlı səhifələri” mövzusunda məruzə ilə çıxış edib. Tarixçi alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamının əhəmiyyətindən danışıb.
Rektor məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini də ətraflı təhlil edib. Bildirib ki, müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti bu qısa müddətdə böyük nailiyyətlər qazanıb. Lakin təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb, müvəqqəti olaraq devrilib. Xalqın istiqlal ideyası isə puç olmayıb və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cahanşümul fəaliyyəti nəticəsində yenidən bərpa olunmuş müstəqilliyin əbədiləşdirilməsi istiqamətində tarixi nailiyyətlər əldə edilib, Xalq Cümhuriyyətinin ənənələri əsas tutularaq, müstəqil Azərbaycan dövləti yaradılıb. Ulu öndərin rəhbərliyi altında müstəqil respublika mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub. Vurğulanıb ki, film tələbələrin maariflənməsində, onların milli-dövlətçilik və vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətə malikdir.