Naxçıvan Dövlət Universiteti (NDU) Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və beynəlxalq uğurları” mövzusunda konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, 1920-ci il Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınmasına nail olunduğunu qeyd edib. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 

“Azərbaycan Respublikası diplomatik xidmət orqanları 100 ildə” adlı çıxışında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

 

 

V.Ələkbərli  nəzərə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 03 aprel 2019-cu il tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”  sərəncamına əsasən NDU-nun Beynəlxalq münasibətlər ixtisası idarənin hamiliyinə verilib. Ötən dövr ərzində idarə bu ixtisasda təhsil alan tələbələrin nəzəri biliklərinin və təcrübələrinin artırılmasını diqqət mərkəzində saxlayıb. Növbəti tədris ilində də mütəmadi olaraq diplomatiya sahəsinə dair müxtəlif mövzular üzrə mühazirələrin oxunması, dəyirmi masaların təşkili və digər təlim xarakterli tədbirlərin təşkili həyata keçiriləcəkdir.

 

 

Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Azərbaycan Respublikasının xarici siyasəti onun uğur və inkişaf yoludur”,  İdarənin Siyasi Məsələlər Şöbəsinin müdiri Nadir Cəfərov “Azərbaycanın xarici siyasəti və Naxçıvan”,  həmin şöbənin əməkdaşı Mina İmanova  isə “Xarici siyasətin iqtisadi və humanitar aspektləri” mövzusunda çıxışlar ediblər.