Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilib.
Konfransda Naxçıvan şəhər tam orta məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin direktorları, metodistlər, pedaqoq və psixoloqlar, müxtəlif ixtisaslar üzrə pedaqoji təcrübədən qayıtmış tələbələr iştirak edib.
Institutun rektoru Elbrus İsayev Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu” na əsasən insan kapitalına önəm verildiyi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yenilənməsi barədə danışaraq, bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Natiq müasir standartlara uyğun biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə malik, yeni texnologiyalardan istifadə etməyi bacaran gənc kadrların cəmiyyətdəki roluna xüsusi toxunub.
İnstitutun pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva çıxışında pedaqoji təcrübənin səmərəliliyi haqqında görülən tədbirlər barədə məlumat verib.
Pedaqoji fakültənin dekanı dos. Arif Ağalarovun, Təbiət və incəsənət fakültəsinin dekanı dos. Rövşən Vəliyevin hesabatlarında pedaqoji təcrübənin gedişinə müsbət təsir göstərən məktəbdaxili nəzarətin düzgün təşkili, təcrübəçi tələbələrin normal çalışmaları və müşahidə aparmaları üçün məktəb rəhbərlikləri tərəfindən yaradılmış əlverişli şərait, qabaqcıl metodist müəllimlərin tələbələrə köməkliyi öz əksini tapıb.
Konfransda iştirak edən məktəb direktorları və bağça müdirələri rəhbərlik etdikləri təhsil ocaqlarında təcrübənin təşkili və tələbələrin fəallığından bəhs ediblər.
Sonra təcrübə dövründə müəllimlərin dərslərində fəal iştirak edən, öz dərslərini müasir tələblər səviyyəsində qurmağı bacaran tələbələr diplom və təşəkkürnamələrlə təltif edilib.
Konfransın sonunda Pedaqoji təcrübənin yekunlarına dair metodik sərgiyə baxış olub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi