Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama uyğun olaraq, onun doğulduğu Qazax rayonunda silsilə tədbirlər keçirilir.
Belə ki, mayın 8-də S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə, mayın 10-da isə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin iştirakı ilə bilik yarışlarının zona mərhələsi keçirilib. Mayın 23-də isə rayon mərhələsində iştirak etmək hüququ qazanan şəhər və rayon məktəblərinin komandaları arasında bilik yarışı təşkil olunub. Yarışa 8 komanda olmaqla, 40 məktəbli qatılıb. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Təhsil Şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev yarışın qaydalarını izah etdikdən sonra iki mərhələ - yarımfinal və final mərhələləri olmaqla, bilik yarışına start verilib. Komandalara Xalq yazıçısının həyat və yaradıcılığına, əsərlərinə həsr olunmuş suallar verilib. Yekun nəticəyə görə şəhər 1 nömrəli tam orta məktəbin komandası bilik yarışının qalibi olub. Yarışın ikincisi adını M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası qazanıb. Şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə, İkinci Şıxlı kənd tam orta məktəbin komandası isə IV yeri qazanıblar.
Sifai SƏFƏROVA