İdman hamı kimi, balacaların da inkişafında böyük rol oynayır. İdmanla məşğul olmaq uşağı yalnız güclü, cəld və çevik etmir. O, fiziki inkişafla yanaşı psixoloji də gücləndirir. Bu zaman uşaq hərtərəfli inkişaf edir. O, mübarizə aparıb qalib gəlməyi öyrənir. Deyirlər ki, həmin uşaqlarda yaddaş və qavrama qabiliyyəti güclü olur.

 

Həsən Mahmud oğlu  Davudzadə də 4 ildir ki, idmanın karate növü ilə məşğul olur. İdmanın sirlərini Əməkdar bədən tərbiyəsi və idman xadimi, IX dan qara kəmər sahibi Tarverdi Allahverdiyevdən və Beynəlxalq dərəcəli hakim, idman ustası, IV dan qara kəmər sahibi Vüqar Həziyevdən öyrənir. Həsənin sonuncu qalibiyyəti 2-6 may tarixlərində Ukraynanın Xarkov şəhərində müxtəlif yaş qrupları arasında karate üzrə keçirilən dünya çempionatında olub. O, həmyaşıdları arasında yüksək bacarıq göstərərək I yerə çıxıb və qızıl medala layiq görülüb. Yeri gəlmişkən qeyd edək ki, həmin yarışda ölkəmizi Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti Tarverdi Allahverdiyevin rəhbərliyi ilə 37 nəfərdən ibarət idmançımız təmsil edib. 17 ölkənin iştirak etdiyi yarışda medalların sayına görə ilk üçlükdə Azərbaycan I, Ukrayna II, Qazaxıstan isə III yeri tutub. İdmançılarımız ümumilikdə 36 medal qazanıb. Onlardan 19-u qızıl, 9-u gümüş, 6-sı bürünc, 1 nəfər isə dünya kəmərinin sahibi olub.

 

2008-ci ildə Bakıda anadan olan Həsən həm də dərs əlaçısıdır. O, Bakıdakı 73 nömrəli tam orta məktəbin V sinif şagirdidir. Həsən bir çox respublika və beynəlxalq yarışların iştirakçısıdır. O, həmçinin rəqslə də məşğul olur. Bir çox televiziya və konsert proqramlarında öz rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb. Arzusu Azərbaycan bayrağını beynəlxalq yarışlarda zirvələrə qaldırmaq, dünya arenalarında himnimizi səsləndirmək, müəllimlərinin inam və etimadını doğrultmaq, Vətəninə, elinə layiq övlad olmaqdır. Həsənə bu yolda uğurlar və bol-bol nailiyyətlər arzu edirik.

 

 

Rəşad ZİYADOV