Ülviyyə Rəsulova: “Gənc müəllimlər üçün yaradılan şəraitə və qayğıya görə ölkə başçısına minnətdaram”
Ülviyyə Rəsulova 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 2008-ci ildə Gədəbəy rayonu şəhid İlham Əliyev adına 2 nömrəli tam orta məktəbi bitirib. Həmin il yüksək bal toplayaraq (509 bal) Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olub. 2014-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 85% nəticə ilə Gədəbəy rayon İsalı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.
Hazırda Qax rayon Qaratala kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir.
- Ülviyyə xanım, yüksək bal toplayaraq, müəllimlik ixtisasını seçmisiniz, niyə müəllimlik?
- Müəllim olmaq ən böyük arzum olub. Bu arzu ailəmizdə babam və anamın müəllim olması ilə bağlıdır. Həm də məktəbdə müəllimlərimə olan sevgim mənim bu peşənin sahibi olmağımda böyük rol oynayıb. Məktəbdə oxuyarkən riyaziyyat fənnini çox sevirdim, riyaziyyat müəllimim “sən gələcəyin riyaziyyatçısı olmalısan” sözü ilə məni bu peşəyə daha da həvəsləndirirdi.
- Riyaziyyat fənnini tədris etmək, şagirdlərə sevdirmək çətin deyil ki?
- Doğrusu çətinliyi var. Əbəs yerə deməyiblər ki, riyaziyyat elmlərin şahıdır. Ümumtəhsil məktəblərində tədris olunan ən vacib fənlərdən biri olması, buraxılış imtahanlarında məhz riyaziyyat fənninin olması bu fənni tədris edən müəllimlərin boynuna ikiqat məsuliyyət qoyur. Bu gün şagirdlərin meyil və maraq dünyası daha geniş olduğunu, informasiya bolluğu olan bir cəmiyyətdə yaşadığımızı nəzərə alaraq riyaziyyat bütün fənn müəllimlərindən şagirdlərin qarşısına tam hazır, onların maraqlarını təmin edəcək bir formada çıxmağı tələb edir. Bütün bunların öhdəsindən isə elmi hazırlıqlı olmaqla yanaşı öz işini sevən bir müəllim gələ bilər. Mən öz peşəmin vurğunuyam. Şagirdlər fənni təkcə dərs prosesində deyil, əlavə məşğələlərdə, dərnəklərdə, eləcə də məktəbdənkənar və sinifdənxaric tədbirlərdə də mənimsəməlidir. Buna görə fəaliyyətə başladığım ilk dövrlərdən bu məsələni diqqət mərkəzində saxlamışam. Məsələn, bu tədris ilində mart ayında VI-X sinif şagirdləri ilə “Riyaziyyat birinciləri” adlı bilik yarışı, aprel ayında isə “Məntiq və riyaziyyat” mövzusunda fənn gecəsi keçirmişəm. Noyabr və mart aylarında isə “açıq dərs”im olub.
- Pedaqoji fəaliyyətinizə ilk olaraq harada başlamısınız?
- 2014-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdim. 85% nəticə ilə doğulduğum rayonu seçərək Gədəbəydə fəaliyyətə başladım. Baxmayaraq ki, 2012-ci ildən ailə həyatı quraraq Qax rayonunda yaşayıram, həmin il Qaxda vakansiya olmadığından Gədəbəy rayonunu seçdim. 2017-ci ildə yerdəyişmə edərək, Şəki rayonu Əliyar kənd ümumi orta məktəbində fəaliyyətimi davam etdirdim. Beləliklə, üç il Gədəbəydə, bir il Şəkidə işləmişəm.
- Digər rayonlarda fəaliyyətiniz dövründə hansı çətinliklərlə qarşılaşmısınız?
- Hər insanın həyatında çətinliklər olur. Lakin bunlar onu əksinə möhkəmləndirir. Gədəbəydə, Ermənistanla sərhəd kənddə işləmək, hər gün atəş səsi altında dərs demək, Şəkinin Əliyar kəndinə hər gün Qaxdan 85 km yol gedib gəlmək nəinki məni qorxutmayıb, əksinə işimə bağlılığımı bir az da artırıb. Hətta fəxr etmişəm ki, vətənimə olan borcumu mən də sərhəd kəndində şagirdlərə keyfiyyətli bilik verməklə yerinə yetirirəm. Və ailəm hər zaman mənə dəstək olub.
- Hazırda Qax rayonunun Qaratala kəndində pedaqoji fəaliyyətinizi davam etdirirsiniz...
- Bu tədris ilindən Qax rayonunda fəaliyyətə başladım. Ailəmdə yaranan problemlər, iş yerimin yaşayış yerimdən 85 km aralı olması, üç azyaşlı övladımın olması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etdim. 2018-ci il 13 iyun tarixində Təhsil naziri Ceyhun Bayramovun qəbulunda oldum. Çox sağ olsun, mənim ərizəmə müsbət cavab verərək, iş yerimi Qax rayonu Qaratala kənd tam orta məktəbinə dəyişdi. Gənc müəllimlər üçün yaradılan şəraitə və qayğıya görə ölkə başçısına minnətdaram. Dövlətimiz hər bir gənc üçün qayğısını əsirgəmir, hər zaman yanında durur.
- İşlədiyiniz pedaqoji kollektiv haqqında nə deyə bilərsiniz?
- Mən həmişə yaxşı kollektivlərdə işləmişəm. Gədəbəy və Şəki rayonlarında işlədiyim pedaqoji kollektivlərdə gənc müəllim kimi daima qayğı ilə əhatə olunmuşam. Bu qayğıya, köməyə görə xüsusi ilə Şəki rayonu Əliyar kənd ümumi orta məktəbinin direktoru Yusif Vəliyevə öz dərin təşəkkürümü bildirirəm. Hazırda işlədiyim Qax rayonu Qaratala kənd tam orta məktəbində mehriban həmkarlarım və sevimli şagirdlərim var.
- Sizcə, əsl müəllim necə olmalıdır?
- Düşünürəm ki, şagirdləri sevən, qayğısına qalan, can yandıran hər bir müəllim əsl müəllimdir. Əgər şagirdləri sevirsənsə, sevərək öyrədirsənsə, onda qarşılığını hər zaman alacaqsan.
- Arzularınız və gələcək planlarınız?
- Ən böyük arzularımdan biri dövlətimiz üçün tərbiyəli, ağıllı, savadlı, dünyagörüşlü şagirdlər yetışdirməkdir. Hədəflərim, planlarım çoxdur. İnşallah öz üzərimdə işləyərək bütün arzularımı həyata keçirəcəyəm.
- Sizə pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.
Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi