Ali Məktəbin V kurs tələbələrinin Trestdə işə götürülməsi nəzərdə tutulur


Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Kompleks Qazma İşləri Trestinin nümayəndələri ilə tələbələr arasında görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, trestin Qazma departamentinin rəisi Əli İsayev, xarici əlaqələr şöbəsinin rəisi Orxan Qurbanzadə, qazma mühəndisi Orxan Salmanov və digər məsul əməkdaşları, həmçinin Ali Məktəbin II, III və IV kurs “Neft-qaz mühəndisliyi”  ixtisasının tələbələri iştirak ediblər.

 

Görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov qazma işləri və qazma mühəndislərinin neft sənayesində ən böyük rola malik olduğunu qeyd edib. Bu cür məsuliyyətli peşəyə kadr axtararkən  BANM-ın tələbələrinə üstünlüik verilməsindən sevindiyini bildirən Elmar Qasımov bu etimada görə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, neft-qaz sektoru üzrə yüksək ixtisaslı, ingilis dilli mühəndislər hazırlayan BANM-ın tələbələrinin ən çətin işin öhdəsindən gələ biləcəyinə əmindir.

 

Kompleks Qazma İşləri Trestinin Qazma departamentinin rəisi Əli İsayev  çıxışında təmsil etdiyi şirkət və onun fəaliyyəti haqqında məlumat verib, tələbələrə onlar üçün yaradılacaq şəraitdən, istehsalat təcrübələrindən və iş imkanlarından söz açıb.

 

Sonra qazma mühəndisi Orxan Salmanov  trestin fəaliyyətinə dair geniş  təqdimatla çıxış edib. Şirkətin məqsədi, strukturu və dörd istiqamətli fəaliyətindən ətraflı danışan mühəndis, Trestin dənizdə 318, quruda isə 483 quyusunun olduğunu bildirib. Orxan Salmanov qeyd edib ki, Kompleks Qazma İşləri Tresti BANM-ın 30-a yaxın tələbəsini istehsal təcrübəsinə cəlb edərək qazma işlərinin dərinliklərini öyrətməyə hazırdır. Eyni zamanda o deyib ki, 5-ci kurs tələbələrinin də qazma mühəndisi olaraq işə götürülməsi nəzərdə tutulub.

 

Görüş tələbələrlə qonaqlar arasında sual-cavab və müzakirələrlə yekunlaşıb.