Naxçıvan Dövlət Universitetində (NDU) magistrantların XI regional elmi konfransı keçirilib.
Magistratura üzrə dekanlıqda təşkil olunan tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə rektoru, dosent Rafiq Rəhimov çıxışında gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasının elmi tədqiqat işlərinə olan marağı artırdığını önə çəkib. Vurğulanıb ki, universitetdə magistratura təhsilinə göstərilən xüsusi qayğının nəticəsidir ki, son illərdə bunun üçün münbit şərait və möhkəm maddi texniki baza formalaşdırılıb.
Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov dissertasiyaların yazılması üçün ilk olaraq məsələnin qoyuluşu, işin aktuallığı və məqsədinin əhəmiyyəti haqda danışıb.
Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov isə bildirib ki, 1997-ci ildən 2 ixtisas üzrə 7 nəfərə magistr təhsili verməyə başlayan universitetdə, hal-hazırda I və II kurslar üzrə 40 istiqamət, 59 ixtisaslaşma üzrə 325 magistr təhsil alır. Magistraturada ilk buraxılışın olduğu vaxtdan bugünədək 1730 nəfər magistr dərəcəsi alıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulan və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Azərbaycanın digər bölgələrində yerləşən 14 ali məktəbin 43 bakalavrının məhz NDU-nu seçməsi yaradılan şəraitin bariz nümunəsidir.
Konfransda universitetin Dövlət hüququ ixtisası üzrə I kurs magistrantı Nərmin Adıgözəlzadənin “Beynəlxalq transmilli cinayət kimi insan alveri” mövzusunda çıxışı dinlənilib.
Dövlət hüququ ixtisası üzrə II kurs magistrant Əziz Qasımova isə “İlin magistrantı” diplomu təqdim edilib.
Konfrans bölmə iclasları ilə davam edib. 17 bölmə üzrə 3 dildə (Azərbaycan, rus, ingilis) olmaqla 105 məqalə dinlənildikdən sonra münsiflər heyətinin qərarı ilə qiymətləndirilən məqalə müəlliflərinə universitetin diplomu təqdim olunub.