Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində “Orkestr alətləri və dirijorluq” kafedrasının hesabat konserti keçirilib. Kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Cəfərova kafedranın fəaliyyəti haqda məlumat verilib. Qeyd edilib ki, 2007-2008-ci tədris ilində yaradılan “Orkestr alətləri” kafedrası 2011-ci ildə “Dirijorluq” kafedrası ilə birləşib və o vaxtdan birgə fəaliyyət göstərir. Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri E.Mansurovun, E.Sabitoğlunun, T.Quliyevin, C.Cahangirovun ölməz bəstələri, dünya klassiklərindən Motsartın, İ.Ş.Baxın, Rolf Lovandın, Qlierin və başqalarının məşhur kompozisiyaları nümayiş olunub. Proqramda xor kollektivinin ifasında səslənən Oktay Rəcəbovun “Azərbaycan bayrağı” mahnısı digər bəstəkar və xalq mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxış edərək, tələbələrə musiqi hazırlığı, səhnə mədəniyyəti və perfomansı, ifa tərzi ilə bağlı tövsiyələrini çatdırıb.
Konsertlə bağlı müəllimlərin dəyərli fikirləri səsləndirilib.
Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır .