Bakıdakı 229 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 -cı ildönümünə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, bir sıra təhsil  müəssisələrinin rəhbərləri, müəllimlər,  şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

 

Sərginin keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onları dəstəkləmək, yaradıcılıqlarını daha da inkişaf etdirməyə şərait yaratmaq olub.

 

Tədbirdə sərgi iştirakçılarının və tamaşaçıların ən  çox diqqətini çəkən məqam isə Bakıdakı 219 nömrəli Evdə təhsil tam orta məktəb şagirdlərinin  əl işləri olub. Xüsusi  qayğıya ehtiyacı olan bu şagirdlərin  rəsm əsərlərinə baxan hər kəs sevinib və təəccüblənib. Sərgidə şagirdlərdən Mahirə Rəcəbli (5-ci sinif),  Altay Adıgözəlov (7-ci sinif), Nurgül Əliyeva  (7-ci sinif), Tamerlan Novruzov (9-cu sinif) və Xəzər Əliosmanovun (7-ci sinif)  əl işləri bəyənilərək  yüksək qiymətləndirilib.

 

Bildirilib ki, bu cür tədbirlərdə  xüsusi qayğıya ehtiyacı olan uşaqların  iştirakı daha çox  vacibdir.  Çünki bu, onların cəmiyyətə inteqrasiyasını  sürətləndirir və onlarda özünəinam yaradır.

 

 

Şakir CƏFƏROV