Təhsil Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayon təhsil müəssisələrinin rəhbərləri, müavinləri və psixoloqlar iştirak edib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi istiqamətində həyata keçirilən tədbirlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr və qarşıda duran tədbirlər haqqında geniş məlumat verib.
Daha sonra nazir müavini müasir dövrdə uşaq və gənclərin təlim-tərbiyəsi sahəsində prioritetlər, məktəbdənkənar fəaliyyətin təşkili və təkmilləşdirilməsi, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və sağlam həyat tərzi ilə bağlı icra olunan işləri xüsusi vurğulayıb.
Firudin Qurbanov çıxışında qeyd edib ki, son dövrlərdə aparılan təhlillər zamanı bəzi təhsil müəssisələri tərəfindən sağlam mənəvi-psixoloji, təhlükəsiz mühitin formalaşması və sabit saxlanması istiqamətində zəruri tədbirlərin tam həyata keçirilmədiyi aşkarlanıb. Belə ki, ailələrlə, risk qrupuna daxil olan təhsilalanlarla səmərəli iş sisteminin yaradılması, psixoloji xidmətin müasir tələblərə uyğun qurulması sahəsində kifayət qədər sistemli iş aparılmayıb və nəticədə bəzi xoşagəlməz hadisələr baş verib. Bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifədir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov öz növbəsində ölkəmizdə, o cümlədən Xəzər rayonunda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Elşən Salahov təhsil müəssisələrində təlim-tərbiyə işinin gücləndirilməsinin zəruriliyini və Təhsil Nazirliyi ilə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən Bakı şəhəri 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 218 nömrəli tam orta məktəbin direktoru Əbülfət Bağırov və 322 nömrəli tam orta məktəbin direktoru Mürvət Mirzəyev rəhbərlik etdikləri təhsil müəssisələrinin əldə etdiyi uğurlar, mövcud problemlər və qarşıda duran vəzifələr barədə məlumat verib, həmçinin müvafiq təkliflər səsləndiriblər.
Sonda təhsil müəssisələrinin rəhbərləri ilə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.