Mayın 13-də Bakı İdman Sarayında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin final qarşılaşması və bağlanış mərasimi keçirilib.
Final mərhələsində Azərbaycan Tibb Universiteti (ATU) və Gəncə Dövlət Aqrar Universitetinin komandaları III yer uğrunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandaları isə I yer uğrunda mübarizə aparıblar. Gərgin keçən mübarizədə Azərbaycan Tibb Universitetinin komandası III, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası II, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə I yeri tutaraq çempionatın qalibi olub.
Komandaların mükafatlandırılması mərasimində iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında respublika birinciliyinin əhəmiyyətindən danışıb. Bildirib ki, birinciliyin keçirilməsi futzal idman növünün kütləviliyinin təmin edilməsində xüsusi rol oynayır. “Yarışın əsas məqsədi tələbələr arasında futbolun təbliği və kütləviliyinin təmin edilməsi, perspektivli idmançıların aşkarlanmasıdır. İnanıram ki, bu birincilik idman tarixində yadda qalacaq”.
Xatırladaq ki, respublika birinciliyində ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 32 komanda iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib. Birincilik yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib. Yarışların pley-off mərhələsində ümumilikdə 11 ali və 1 orta ixtisas təhsili müəssisəsinin komandaları olmaqla 12 komanda iştirak edib.
Qeyd edək ki, respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir. 600-ə yaxın tələbənin qatıldığı yarış ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qalib komandalar mükafatlarla təltif olunublar. Mükafatları Azərbaycan Tələbə-Futbol Assosiasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının üzvü, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Fazil Mustafa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təqdim edib.
Rəşad ZİYADOV