Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Festival “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunub.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən festivalın bağlanış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işlərdən, şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, həmçinin gənc şahmatçılara uğurlar arzulayıb.
Sonra final mərhələsində II, III və IV siniflər üzrə yarışlarda birinci, ikinci və üçüncü yeri tutan oğlan və qız şahmatçılar mükafatlandırılıb. Qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb.
Festivalın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli şəkildə qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.