Elnur Nəbiyev: “Müəllim olaraq şagirdlərə yalnız təhsil verməklə kifayətlənmək olmaz”


Elnur Nəbiyev 1988-ci ildə Şəki şəhərinin Aşağı Kümgüt kəndində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsini bitirib. 2018-ci ildə Gəncə Dövlət Universitetində üzvi kimya üzrə magistr təhsili alıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 59 balla Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

 

 

- Elnur müəllim, deyilənə görə “Kimya möcüzələr yaradır”, bəs siz kimya müəllimi olaraq dərs prosesində nəyi möcüzə hesab edirsiniz?

 

- Mənim fikrimcə, ən gözəl möcüzə müəllimin tədris etdiyi hər 45 dəqiqəlik dərsdir. Çünki hər dərs müəllimin pedaqoji əsəridir. Hansı əsər ki, arzuları, ümidləri, işıqlı gələcəyi formalaşdırır. Bundan başqa dərsin içində həm öyrənmək var, həm də öyrətmə var və bunların birləşməsindən fəndən asılı olmayaraq sevgi dolu nəsil yetişir.  O nəsil ki, təhsilli olub, dövləti və milləti üçün çalışan, əsl vətənpərvər, hər zaman inkişafda olan gənclər olaraq formalaşacaqlar.

 

- Şagird-müəllim-valideyn üçlüyü tədrisin keyfiyyətində mühüm məsələdir. Bu məsələnin dinamik cəhətdən inkişaf etməsi üçün siz nə edirsiniz?

 

- Müəllim gəmini  idarə edən kapitan, şagirdlər o gəminin sərnişinləri, valideynlər isə o gəminin mühərriki rolundadır. Bunlardan biri düzgün işləməzsə, o gəmi batar. Məhz bu baxımdan dediyiniz üçlük vəhdət təşkil etməzsə,  təhsilin inkişafından söhbət gedə bilməz. Müəllim olaraq şagirdlərə yalnız  təhsil verməklə kifayətlənmək olmaz. Onların problemlərini  dinləmək, müəyyən  situasiyalarda  kömək  etmək lazımdır. Belə olan halda tam formalaşmış  şəxsiyyət yetişdirmək mümkündür.

 

- Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim daim inkişaf etməlidir, yoxsa,  əsas məsələ müəllimin bildiklərini düzgün şəkildə öyrətməyidir?

 

- Müəllim axar su kimi hər zaman təzələnir, yenilənir və saflaşır. Əgər su durarsa, axmazsa, dərhal köhnələr, saflığını itirər. Fikrimcə, bu məsələdə hər bir müəllim mərhum şairimiz  B.Vahabzadənin  “Mən də bu eşq dünyasının qırıq telli sazıyam, Bircə ondan razıyam ki, özümdən narazıyam”  fikrinə sadiq qalmalıdır.

 

- 2017-ci ildən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə çalışırsınız. Məktəbə və kollektivə uyğunlaşmaqda problem yaşanıbmı?

 

- Əlbəttə ki, xeyr, mən yüksək balla bu məktəbə qəbul olduqdan sonra buradakı kollektivlə bir ailə kimi olmuşuq. Xüsusilə direktorumuzun formalaşdırdığı  səmimi şəraitdə, demək olar ki, hamı bir-birindən hər zaman öyrənir və təcrübə mübadiləsi edir. Bir müəllimin inkişafı onun təhsil səviyyəsindən  nə qədər asılıdırsa,  eyni zamanda motivasiya olmaq, komanda şəklində çalışmaqdan da bir o qədər asılıdır. Bunun üçün də çalışdığım ümumtəhsil müəssisəsi mənim inkişafım üçün stimullaşdırıcıdır.

 

Məktəbimiz Gəncə şəhərində cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın birbaşa açılışını etdiyi  təhsil müəssisələrindən biridir. Bura, həqiqətən, paytaxtdan yüz kilometrlərlə uzaq olmasına baxmayaraq, maddi-texniki bazası zəngin olan məktəblər sırasındadır.

 

- Müəllim olmaq istəyənlərə və həmkarlarınıza nə demək istərdiniz?

 

- Ümummilli liderimizin belə bir kəlamı var: “Mən dünyada müəllim adından yüksək, şərəfli  bir ad tanımıram”. Bu fikir bizləri həqiqətən daim ruhlandırır və stimullaşdırır. Mən müəllimlərə və müəllimlik ixtisasını seçmək istəyən gənclərə demək istəyirəm ki, bu peşə yaşatmaq arzusu ilə yaşamaq deməkdir. Sizlər də əbədi yaşamaq istəyirsinizsə, müəllimliyi seçin və sevin.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi