Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şagirdlərin rəsm sərgisi keçirilib
Beynəlxalq müsabiqələr qalibləri olan yeniyetmə rəssamlar Surə Dadaşzadənın və Abdulrəhim Bağırlının sevincləri yerə-göyə sığmırdı. Onlar bir az da qayğılı və həyəcanlı görünürdülər. Əlbəttə, bu da səbəbsiz deyildi, çünki artıq yarım saatdan sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin geniş zalında bu gün onların ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr etdikləri sərgiyə müəllimləri, şagird dostları, qohumları, ümumiyyətlə, rəsm sənətinə həvəs və maraq göstərən müxtəlif peşə sahibləri baxıb qiymət verəcəkdilər. Tədbirə təşrif buyuranlar səliqə ilə düzülmüş və divardan asılmış rəsmləri seyr edərək rəsm müəlliflərinə yaxınlaşır, onların yaradıcılıq nümunələrindən aldıqları təəssüratları bölüşməklə bərabər arzu və istəklərini, fikir və mülahizələrini də söyləyirdilər. Rəsmləri seyr edənlərin üzlərindən razılıq əlaməti olan xoş təbəssüm yağırdı. Mövzular rəngarəng, rəsmlər bir-birindən məzmunlu və məna çalarlı idi. Rənglərdən o qədər məharətlə istifadə olunmuşdu ki, artıq-əskik heç nə nəzərə çarpmırdı. Rəsm sehrçilərini də valeh edən elə bu idi. Sərginin sanbalı bir də ona görə fərqli idi ki, əvvəlcə söylədiyim kimi Azərbaycanın xilaskar oğlu, müasir Azərbaycanın yaradıcısı və qurucusu olan ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşdu. Yeri gəlmişkən qeyd edim ki, sərgiyə dəvətli olan qonaqlar da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin kollektivi və üzvləri ilə bərabər öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra isə bu əlamətdar günə həsr olunan yeniyetmələrin yaradıcılıq sərgisinə toplaşmışdılar. Tədbir bir də onunla əlamətdar idi ki, görkəmli elm xadimləri, Xalq artistləri, Xalq şairləri, böyük bir jurnalist ordusu da Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra hədsiz həvəs və maraqla bu sərgiyə qatılmışdı. Münasib bir məqam yaranantək mən də fürsəti əldən verməyərək yeniyetmə dostlarımızla görüşüb həm sərgi haqqında, həm də ölkədaxili və beynəlxalq rəsm yarışmalarında qazandıqları uğurlar barədə təəssüratlarını dinləyə bildum. İlk həmsöhbətim də elə Surə Dadaşzadə oldu.
Sərgidə 20 rəsmim nümayiş olunur
İnsan bütün çətinlikləri adlaya bilər, bütün arzularını gerçəkləşdirə bilər, əgər onda əzmkarlıq, zəhmətsevərlik varsa. Bu gün fərdi sərgim keçirilir. Çox həyəcanlıyam. Tamaşaçılar və sərgiyə dəvət olunan qonaqlar tərəfindən necə qarşılanacağımı bilmirəm, ona görə də nə qədər özümə güvəncli olsam da, həyəcanımı da gizlədə bilmirəm. Zövqlər müxtəlif, baxışlar fərqli olduğundan rəsmlərimi kimsə bəyənməyə də bilər. Amma düşünürəm ki, bu sıxıntı sadəcə ötəri bir hissdir və sonda sevinc göz yaşları ilə əvəzlənər. Bu gün burada 20 rəsmim nümayiş olunur. Məktəbimizin direktoru Aytən Əhmədova öz çıxışında rəsmlərim haqqında xoş sözlər söylədi və mənə yeni-yeni yaradıcılıq uğurları arzuladı. Bu sözlər mənə hədsiz ruh yüksəkliyi bəxş elədi.
Məktəbimizin “ulduz”u
2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının 6-cı sinfində təhsil alıram. Dərslərimi yaxşı oxuyuram. Məktəbimizdə keçirilən bütün tədbirlərdə iştirak edirəm. Müəllimlərimin sevimlisiyəm. Əbəs yerə məni məktəbin “ulduzu” adlandırmırlar ki! İki il ərzində kətan və kağız üzərində 30 rəsm çəkib 20 diploma layiq görülmüşəm. Milli və müasir üslubda işlədiyim kompozisiyalar, təbiət tabloları həmişə tamaşaçılarda xoş ovqat yaradıb. Əlbəttə, rəsm müəllimim Qənirə Əsgərovanın əməyi sayəsində bu uğurlara nail olmuşam. Sevimli müəllimimin haqqı boynumda böyükdür. Nə mən, nə də həmkarım olan məktəbimizin şagirdi Abdulrəhim Bağırlı birdən-birə əllərimizə fırça alıb tablolar, peyzajlar yaratmamışıq. Qazandığımız bütün uğurlar sevimli müəllimimiz Qənirə xanımın üzərimizdəki zəhmətinin bəhrəsidir.
Hər kəs bacardığı peşəyə yiyələnməlidir
2013-cü ildə mədəni-kütləvi tədbirlərdə fəal iştirakıma görə, 2014-cü ildə isə Respublika üzrə məktəb şagirdləri arasında aparılan istedad və bilik sorğusuna görə fəxri fərmanlara layiq görülmüşəm. Hər gün məni belə bir sual düşündürür. Hansı peşənin ardınca getməli? Bu, çox məsuliyyətli bir seçimdir. İnsan elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcəyi sənətə, peşəyə yiyələnməlidir. Bütün arzulara qovuşmaq üçün əziyyət çəkmək, ağır zəhmətə qatlaşmaq, ən əsası isə yaxşı oxumaq lazımdır.
Göz yaşlarım rənglərə qarışırdı
“Ana fəryadı”, “Müharibə qorxusu”, “Ana beşik başında”, “Sülh səhifəsi” rəsmlərimi işləyərkən meşələrdə, dağlarda donan uşaqların harayını eşidirdi qulaqlarım, sanki onlar dil açıb mənimlə danışırdılar, fəryad qoparırdılar. Şəhidlərimizə həsr olunan rəsmlərimsə hələ də qanı qurumayan yaralarımızın sızıltıları ilə doludur. Xocalı fəryadını əks etdirən rəsmlərimdə ağ vərəqlərin üstündə hələ dünyanın acısını-şirinini dadmayan bir yeniyetmələrin kövrək, həssas qəlblərinin sızıltılarını eşidirdim. Bu əsərlər həyəcansız yaranmadığı kimi onlara həyəcansız da baxmaq mümkün deyildi. İnanın ki, göz yaşlarım rənglərə qarışırdı onları çəkəndə. Əsərlərimə ilk qiymət verənlər isə valideynlərim olub. Bu cür əsərlərimlə onları da çox kövrəltmişəm.
Mövzu üzərində düşünürəm
Əlimə fırça alıb nəsə bir rəsm çəkəndə onu əvvəlcə öz fantaziyamın süzgəcindən keçirirəm, mövzu üzərində kifayət qədər düşünürəm. Bu gün sərgilənən müxtəlif boyalarla işlədiyim rəsmlərim “Təbiət mənzərəsi”, “Payız mənzərəsi”, “Köhnə Bakıdan müasir Bakıya keçid”, “Qış nağılı”, “Azərbaycanda çay süfrəsi”, “İçəri şəhər”, “Rəngli natürmort”, “Gün batımı”, “Balıqlar”, “Yanğın zamanı”, “Bahar qızı”, “Qış”, “Çiçək tarlası”, “Akademik rəsm” və digər rəsmlərim beynəlxalq miqyaslı müsabiqələrdə yüksək qiymətlərə layiq görülüblər. Müxtəlif illərdə beynəlxalq rəsm müsabiqələrinə qatılaraq birincilik qazanıb diplomlara layiq görülmüşəm.
“Sən artıq püxtələşmisən”
Qeyd edim ki, evdəki otağım lap emalatxanaya bənzəyir. Böyük bir rəsm stolum var. Bankalarda da rənglər, 4-5 dənə politra, fırçalar, flomasterlər və s. var. Bəzən saatlarla işləyirəm. Çünki başladığım bir əsəri bitirməmiş rahat ola bilmirəm. Qənirə müəllim, sən artıq püxtələşmisən, fərdi sərgini keçirmək olar, söyləyəndə qanad açıb uçmaq istəyirdim. Bu, sevimli müəllimim tərəfindən yaradıcılığıma verilən ən vacib qiymət idi mənim üçün.
Parisdə I yeri tutdum
Təsviri incəsənət kursunda fəal iştirakıma görə, “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində “Bahar çiçəkləri” adlı rəsm müsabiqəsində, Caspi ART uşaqların sənət yarışmasında, Uşaq və gənclər arasında rəsm müsabiqəsində fəal iştirakıma görə, “Qış nağılı” mövzusunda ən gözəl rəsm nümayiş etdirdiyimə görə, Tahir Salahovun ev- muzeyində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Güllər” sərgisində, “Ən gözəl gül rəsmi” nominasiyasında və sair yarışmalarda iştirak edərək birincilik qazanmışam. 2018-ci ildə isə Parisdə keçirilən gənc rəssamların sərgisinə qatıldım və I yeri tutdum. Elə sevinirdim ki!
Nənəmin ilk nəvəsiyəm
Uğurlarım artdıqca məsuliyyətim də artır. Hər dəfə diplom alanda nənəm Lumuxanım hamıdan çox sevinir. Məni bağrına basır, kövrəlir. Hər gün dərsdən qayıdanda məni ilk qarşılayan nənəm olur və ilk sualı da bu olur:-Neçə qiymət aldın? Mən nənəmin sevimlisi, ilk nəvəsiyəm. Nənəmin portretini yaratmışam. Elə bil adamla danışır. Evimizə kim qonaq gəlsə nənəm rəsmlərimi göstərib deyir: bu rəsmləri nəvəm çəkib. Hiss edirəm ki, mənimlə qürurlanır... Sərgimdə nənəm mənə tər çiçək dəstələri təqdim edəndə sevincindən kövrəlmişdi...
Abdulrəhim Bağırlı da öz uğurlarından danışdı
...Bu yeniyetmə rəssam Surədən iki yaş böyükdür və həmin gimnaziyanın 8-ci sinfində təhsil alır. Onu dinləmək də bir başqa aləm idi, çünki qız həmkarından fərqli olaraq Abdulrəhim də gizlədə bilmədiyi kişi inadı və təkəbbürü keçirdiyi həyəcan hisslərini üstələyirdi. Bu da çox gözəl idi və yeniyetmə rəssamın özünəgüvəncliyini birə- beş artırırdı. Abdulrəhim də sərgiyə təqdim olunan əsərlərinin bir-birindən məzmunlu yaradıcılıq nümunələrinin ərsəyə gəlmə tarixləri, necə deyərlər, təvəllüd günləri barədə ətraflı məlumat verdi. Öyrəndik ki, yeniyetmə rəssamın bir-birindən maraqlı rəsm nümunələri ölkəmizin hüdudlarından kənarda- Türkiyədə, Çexiyada, Yaponiyada, Bolqarıstanda və Sloveniyada keçirilən rəsm müsabiqələrində də yüksək qiymətləndirilərək diplom və fəxri fərmanlara layiq görülüb. Demək olar ki, eyni yaradıcılıq yarışmalarının istər ölkədaxili formatlarında, istərsə də beynəlxalq səviyyəli müsabiqələrdə gimnaziyanı və ölkəmizi beynəlxalq müsabiqələrdə cəsarətlə təmsil edən və qazandıqları uğurlarla kollektivə hədsiz sevinc hissləri yaşadan Abdulrəhimin də parlaq gələcəyinə böyük ümidlər var. Bu fikirləri təhsil ocağının rəhbəri Aytən Əhmədovanın və hər iki yeniyetmə istedad sahiblərinin rəsm müəllimi olan Qənirə Əsgərovanın dilindən eşitmək nə qədər xoş idi!
Gimnaziyanın direktoru Aytən Əhmədovanın söylədikləri
Surə qızımız da, Abdulrəhim oğlumuz da çox istedadlı, çox çalışqan yetirmələrimizdir. Bir çox respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlərimizdə yaradıcılıq potensialı çox güclüdür, gələcəklərinə də çox inanıram, maşallah yorulmaq bilmirlər. Hər ikisi xüsusi bacarığı, qabiliyyəti və istedadı ilə seçilir. Bir də ki, mən kabinetdə oturmuram . Müəllimlərimizin peşəkarlığına zərrəcə şübhəm olmasa da, xarakterimə uyğun olaraq bütün dərnəklərə baş çəkir, yetirmələrimizin dərs zamanı fəallıqlarını, məşğələlərin gedişini izləyirəm. Bu, həm uşaqların məsuliyyətini artırır, həm də müəllimlərimizin. Biz, necə deyərlər, öz işimizi vahid ailə şəraitində nizama salırıq. Əgər belə olmasaydı, hər bir istedadlı yetirməmiz bir kitaba sığmayan uğurlara necə imza ata bilərdi? Bu gün də məktəbimizin fəxri olan yaradıcı şagirdlərimizin sərgisində müəllimlərimizin əməyi sayəsində qazanılan uğuların şahidi olduq. Bu, mənim üçün də, kollektivimizin hər bir üzvü üçün də, bütövlükdə təhsil ocağımız üçün də qürurverici, fəxredici haldır. Bu gün bu hissləri mən böyük məmnuniyyətlə yaşayıram. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, keçirdiyimiz sərgini seyr edənlərin hamısını hər iki yeniyetmə rəssamımızın ulu öndər Heydər Əliyevin uşaqlara hədsiz məhəbbətini əks etdirən rəsmləri hədsiz kövrəltdi və bu məhəbbət hissinin əbədiliyini bir daha təsdiqlədi.
Hər iki şagirdimlə fəxr edirəm
Qənirə Əsgərova, AMK tərkibində İncəsənət Gimnaziyasının təsviri və tətbiqi şöbəsinin müəllimi: - Sərgisi keçirilən hər iki şagirdimlə fəxr edirəm. Hər ikisi ilə də ilk dəfə tanış olanda, onlarla söhbət edərkən, istedadlı şagird olduqlarını kəşf etdim. Sakit, mülayim, məntiqi, fantaziyası güclü, təbiət mənzərələrindən zövq alan istedadlı uşaq təəssüratı yaratdılar məndə və sonralar öz qənaətimdə yanılmadığımın da şahidi oldum. Onların hər biri ilə məşğul olarkən öz uşaqlıq illərimi xatırlayıram. Tez-tez müxtəlif mövzularda rəsm sərgilərimin keçirildiyi yadıma düşür. Müəllimlərim mənim də əl işlərimə baxıb sevinirdilər, neçə ki, mən indi onların uğurlarına sevinirəm. Mən özüm də gimnaziyada təhsil almışam. Xoşbəxtəm ki, mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə çalışıram, onlardan bəhrələndiklərimi şagirlərimə ötürürəm.
Tədbirin sonunda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədov sərgi müəlliflərinə diplom və fəxri fərman təqdim etdi.
Sifai SƏFƏROVA