“Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçılarından biri - Aynur Seyidova
Ulu öndər Heydər Əliyevin zəngin irsi, çoxşaxəli fəaliyyəti haqqında müxtəlif peşə adamları, ziyalılarımız fəxarətlə danışır, mötəbər kürsülərdə bu əvəzedilməz insan hər zaman ehtiramla anılır.
Dahi şəxsiyyətin xalqına, vətəninə duyduğu sevgi , müəllifi olduğu Müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə gördüyü işlər müasir tariximizin şərəfli səhifələrindən hesab olunur.
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi də məhz məktəblilərin ulu öndərə olan hörmət və ehtiramlarını özlərinə məxsus bir tərzdə, ədəbi-bədii dillə ifadə etmələrinə imkan yaradan ən nüfuzlu tədbirlərdən biridir. Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən artıq neçə ildir ki, təşkil olunan müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Hər il keçirilməsi artıq ənənəyə çevrilən bu müsabiqəyə paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, respublikanın bütün bölgələrinin şagirdlərinin də böyük həvəslə qatıldıqlarının şahidi oluruq.
Builki “Ən yaxşı təqdimat” müsabiqəsi də növbəti dəfə təhsil tariximizdə öz möhtəşəmliyi ilə yadda qaldı. Neçə-neçə məktəblinin həyatında uğurlu bir başlanğıc, dönüş nöqtəsi sayılan bu nüfuzlu yarışın mükafatçılarından biri də Qusar məktəblisi Aynur Seyidova oldu.
Fərqli təqdimat etmək, seçilmək...
“Çoxlu sayda şagirdin arasından fərqli təqdimat etmək, seçilmək çox çətin bir iş idi”- həmsöhbətim olan Aynur deyir. Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin X sinfində oxuyan bu yeniyetmə qız təhsil aldığı müddətdə müxtəlif məktəb və rayon tədbirlərinin iştirakçısı və qalibi olub. 2012-ci ildə Qusar rayonunda təşkil olunmuş şeir və bədii qiraət müsabiqəsində II yerə layiq görülüb. “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etməyi ona təhsil aldığı məktəbin direktoru Babacan Zəkiyev məsləhət görüb: “Bu müsabiqədə iştirak etmək mənim ən böyük arzum idi. İlk başdan tərəddüd etsəm də direktorumuzun mənə olan etimadından ruhlandım. O, məhz məndə inam yaratdı ki, yaxşı nəticə əldə edə bilərəm. Müsabiqə elan olunan gündən rayon turunun başa çatmasına qədər səylə çalışırdım. Rayon turunda I yeri tutaraq respublika mərhələsinə çıxanda artıq özümə inamım artdı”.
Müsabiqənin ölkə mərhələsi yaxınlaşdıqca həyəcanının daha da artdığını söyləyən Aynur əvvəlki illərdən fərqli olaraq bu il vahid mövzu üzərində deyil, tələb olunan 12 mövzu üzərində çalışdığını deyir: “Müsabiqənin şərtləri ilə tanış olanda gərginlik hissi artıq məni bürümüşdü. Söhbət ümummilli liderdən gedəndə istər-istəməz özündə məsuliyyət hiss edib həyəcanlanırsan. Düşünürdüm, necə edim ki, müsabiqənin tələblərinə uyğun verilən qısa bir vaxt ərzində dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti barədə dolğun bir biliyə malik olduğumu göstərə bilim. İşin digər önəmli tərəfi isə bunu maraqlı formada təqdim etmək idi. Deyəcəyim hər bir fikir fakta söykənməli, nitqimin səlistliyinə diqqət vermək, söylədiklərimin təsir gücünü artırmaq üçün ədəbi-bədii nümunələrdən yerli-yerində düzgün istifadə sonda məni qalibiyyətə aparan şərtlər idi. Onu da yaxşı anlayırdım ki, nitqin gücü az sözdə çox şeyi ifadə etməkdir”.
Müsabiqəyə olduqca məsuliyyətlə hazırlaşdığını söyləyən həmsöhbətim final mərhələsində “Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişafı sahəsində xidmətləri” mövzusunda təqdimatını edəndə həyəcanını dəf etməyi bacarıb. Respublikanın tanınmış alim və mütəxəssislərindən ibarət münsiflər heyətinin qarşısında etdiyi təqdimatı sonda bəyənilib. Müsabiqənin ölkə mərhələsində uğurla iştirak edərək tərifnamə ilə təltif edilməsi Aynuru çox sevindirib: “Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə pərəstiş edən bir şagird olaraq deyərdim ki, əvəzolunmaz liderimiz Azərbaycanı bütün dünyada tanıtmağa müvəffəq oldu. Dahi şəxsiyyət, onun həyat və çoxşaxəli fəaliyyəti haqqında fikirlərimi bölüşmək, gördüyü işlərə toxunmaq, əsas məqamları diqqətə çatdırmaq şagird kimi mənə böyük şərəf və qürur hissi verdi. İlk növbədə tədbirin təşkilatçılarına təşəkkür edirəm ki, şagirdlər üçün belə nüfuzlu müsabiqələr təşkil edir və bizi ictimaiyyətə tanıdırlar. Müsabiqənin mükafatçıları arasında özümü görməkdən olduqca məmnunam. Üzərimdə əməyi keçən hər bir kəsə- başda məktəbimizin direktoru Babacan Zəkiyev olmaqla Azərbaycan dili və ədəbiyyat müəllimim Məsumə Rəsulovaya və tarix müəllimim Ceyhun Ağabəyova öz minnətdarlığımı bildirirəm”.
Hər bir zəhmətin sonu uğurla nəticələnir
Bu xoş hadisənin sevincini yaşayanlardan biri- Aynurun təhsil aldığı Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev bizimlə söhbət zamanı bildirdi ki, rəhbərlik etdiyi ümumi təhsil müəssisəsi 1934-cü ildən fəaliyyət göstərir. Qəzalı vəziyyətdə olan məktəb 2008-ci ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Həmin məktəbin açılışında ölkə başçısı İlham Əliyev iştirak edib. Burada təhsil alan uşaqlar, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər hər zaman dövlət başçısının diqqət və qayğısını hiss edirlər. Rayonun ümumtəhsil müəssisələri arasında uğurları ilə seçilən məktəb fəaliyyəti dövründən bu günə qədər respublika miqyasında tanınan məzunları ilə fəxr edir: “Şagirdlərimiz müxtəlif rayon və zona miqyasında təhsil, idman, mədəniyyət sahələrində keçirilən yarış və müsabiqələrin qalibləri olurlar. Məktəbimizin Aynur Seyidovanın timsalında qazandığı nailiyyət isə bunların arasında ən alisi oldu. Düşünürəm ki, bu həm də birillik direktorluq fəaliyyətimdə mənim üçün ən gözəl hədiyyədir. Müsabiqənin hələ rayon mərhələsində Aynurun potensialına yaxından bələd olduğumdan yer tutacağına əmin idim. O, öz çalışqanlığı ilə seçilir. Onun istər məktəb, istərsə də rayon təbirlərində fəallığı bir direktor kimi hər zaman məni sevindirib. Aynurun digər yaşıdlarından fərqli cəhəti də məhz özünə qarşı inamlı, məqsədinə çatmaq üçün olduqca əzmkar olmasıdır. Onu yaxından tanıdığımdan “Ən yaxşı təqdimat” müsabiqəsində özünü sınamağı məsləhət gördüm.
İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olduğum üçün müsabiqəyə hazırlıq dövründə onu bir neçə dəfə dinləmişəm və müəyyən məsələlərin üzərində birlikdə çalışmışıq. İnanırdım ki, müsbət nəticəyə nail olacağıq. Və nəhayət final mərhələsində ölkə üzrə mükafatlandırılan şagirdlər arasında Aynur Seyidovanın da adı qeyd olunanda sevincimizin hədd-hüdudu yox idi. Bir daha əmin olduq ki, hər bir zəhmətin sonu uğurla nəticələnir”.
Bəli, Aynur Seyidova “Ən yaxşı təqdimat” müsabiqəsinin seçilənlərindən biri oldu. Təhsil nazirinin imzası ilə tərifnaməyə layiq görülən bu yeniyetmə qız böyüyüb boya-başa çatdığı doğma rayonuna, eyni zamanda Balaqusar kəndinə bir başucalığı, sevinc gətirdi.
Samirə KƏRİMOVA