Çinin ən böyük universitetindən sərt qərar


Çinin  Tsinxua  Universiteti  diplom buraxılış işlərində plagiatçılığa yol vermiş  tələbələrlə bağlı sərt qərar qəbul edib.    "Global Times" nəşri bildirir ki,  Çin Xalq Respublikasının  ən nüfuzlu ali məktəbinin  rəhbərliyi yaxın vaxtlarda universitetin  nizamnaməsində və başqa lokal hüquq aktlarına müvafiq dəyişiklikləri daxil etməyi planlaşdırır. Yeni sanksiyalar o tələbələrə şamil olunacaq ki,   diplom işlərini plagiatdan istifadə yolu ilə yerinə yetirir və ya elmi işləri müstəqil yazmır, kənarda pullu xidmətlərə qaçırlar.  Bundan əlavə,  əgər  diplom işini ali məktəbin digər hər hansı tələbəsi yerinə yetiribsə, o da ali məktəbdən qovulacaq.  Diqqətəlayiq  hal odur ki,  əvvəllər belə səhv hərəkətlər üçün yalnız töhmət  nəzərdə tutulurdu. Ali məktəbdən xaric olunma ilə yanaşı, plagiatda suçlanan tələbələri  aldıqları fəxri  fərmanlar  və mükafatların  ləğv edilməsi də gözləyir. Bundan başqa, gələcəkdə onlar təqaüd almağa iddia edə bilməyəcək, həmçinin dövlət imtahanları vermədən güzəştli əsaslarla aspiranturaya daxil olmaq imkanından məhrum olacaqlar.

 

"Akademik vicdanlılıq Çin tələbələrinin həyatında əsas prioritet olmalıdır, ancaq indiyə qədər ona uyğun şəkildə əməl olunmurdu",- deyə Çinin Pedaqoji Tədqiqatların  Milli İnstitutunun böyük elmi işçisi Çu  Çjaoxuey  qeyd edib. O, həmçinin əlavə  edib ki, Çin təhsil müəssisələri  tələbələrin akademik davaranışları ilə bağlı ən ciddi tələbkarlıq nümayiş etdirməlidir.

 

Oruc MUSTAFAYEV