Ali məktəbi bitirmədən
Rusiyada pedaqoji ali məktəblərin tələbələri diplom alana qədər peşəkar müəllimlik fəaliyyətlərinə başlaya biləcəklər. Bu barədə müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Rusiya Prezidentinin tapşırığına müvafiq olaraq işlənib hazırlanan layihə tələbələrin ümumtəhsil fəaliyyətinin həyata keçirilməsində iştirakının təmin olunmasına yönəlib. Tələbələrin pedaqoji fəaliyyətə buraxılmasının qayda və şərtləri Maarif Nazirliyi, Təhsil və Elm Nazirliyi, Əmək Nazirliyi tərəfindən müəyyən olunur.
Hazırda orta məktəblərdə işə orta peşə təhsil və ali məktəblərin məzunları qəbul olunur. Yeni qanun layihəsinə əsasən isə tələbələr orta məktəblərdə işlədiklərinə görə maaş alacaqlar.
Qeyd edək ki, Maarif Nazirliyi ümumtəhsil müəssisələrində əməkdaşların ştat cədvəlində dəyişiklik edərək "Baş müəllim" və "Aparıcı müəllim" vəzifələrinin tətbiqinə dair layihə hazırlayıb. Baş müəllimlər digər müəllimlərin fəaliyyətini idarə edəcək, fərdi təhsil planları işləyib hazırlayacaq və onların icrası gedişinə nəzarət edəcək. Aparıcı müəllimlər isə məktəbin digər işçlərinin pedaqoji hamisi olacaq.
Oruc MUSTAFAYEV