Komandaların öz biznes ideyalarını reallaşdırmaq üçün hazırladıqları layihələrinji təqdim ediblər.


6-7 aprel  2018-ci il tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Startap günləri başa çatıb.

 

Startap günlərinin ikinci günündə  gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Həmçinin, komandaların İT sektorunda tanınmış simalarla görüşü də baş tutub. Belə ki, startap sektorunda yaxından tanınan, son günlərin ən uğurlu startapı “Keepface”in həmtəsisçilərindən Elşad Yusifli layihə barədə komandlara ətraflı məlumat verib.

 

O, sıfırdan startap qurmaq, layihəni inkişaf etdirib qlobal bazara çıxmaqla bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Bu sektorda bir neçə layihəsi ilə tanınan kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov startapa yeni başlayanda diqqət edilməsi vacib olan məqamları bölüşüb. O, iştirakçılara prototiplərin hazırlanmasını izah edib.

 

Daha sonra komandalar mentorların və ekspertlərin köməyi ilə biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlayıblar. Sonra onların təqdimatı olub. Münsiflərin sualları ilə müşayiət olunan təqdimatda startap komandaları öz layihələrinin önəmini, faydalılığını, layihənin tətbiqinin vacibliyini diqqətə çatdırıblar.

 

Günün sonunda münsiflərin səsverməsi ilə qalib komandalar müəyyən edilib.  Səsvermənin nəticələrinə görə, I yeri “Smart Makeup”, II yeri “E-diaqnoz”, III yeri isə “Asvalt enerji”  komandaları tutub.  Qalib komandalara diplom və hədiyyələr təqdim edilib, onların üzvlərinin hər birinə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyə paketi və AzTU-nun pul mükavatı verilib. Startap günlərində keçirilən təlimlərdə iştirak edən gənclərə sertifkatlar, Startap günlərini təşkil edənlərə, həmçinin münsif və ekspertlərə təşəkkürnamələr təqdim olunub.

 

Qeyd edək ki, Startap günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilib. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnformasiyua Texnolgiyalarının İnkişafı Dövlət Fondu dəstək verib.