Mayın 3-də Bakı Humanitar fənlər təmayüllü məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Mənalı ömrün izi ilə” adlı tədbir keçirilib.Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, rayon mədəniyyət mərkəzinin nümayəndələri, müəllimlər və tanınmış ziyalılar iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Nəzakət Əsgərova ümummilli lider Heydər Əliyevin təkcə təhsilin deyil, digər sahələrin də inkişafında misilsiz xidmətləri olduğunu bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin irsən qoyub getdiyi milli tərəqqi ideyalarının, inkişaf strategiyasının məntiqi təzahürüdür.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd İbrahimov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin tərəqqisi yolunda mühüm tarixi qərarlar qəbul etmiş, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartmışdır. Böyük siyasi və dövlət xadimi, xalqın ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyi vurğulanıb, Heydər Əliyevin xilaskarlıq missiyasından və Azərbaycançılıq ideyasından bəhs olunub.
Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir söylənilib, mahnı oxunub və videoçarx nümayiş etdirilib.
Şakir CƏFƏROV