Zemfira Həsənova: “Həmişə birincilik iddiasında oluram”
Müxtəlif sahənin istedad sahibləri ilə tez-tez təmasda olduğum, onların haqqında məqalələr hazırladığım üçün gəldiyim qənaət əsas verir deyəm ki, əksər hallarda bu cür sayılıb-seçilən uşaq və yeniyetmələrin əxlaqi keyfiyyətləri də ürəkaçan olur. Əxlaq ruhun dildə və əməldə təzahürü olan mənəvi sərvətdir. Bu ilahi hisslər fitri istedad sahibləri olan uşaq və yeniyetmələrin mənəviyyatlarına hakim kəsiləndə onlar yaradıcılıq sahəsində seçim məqamlarında da zərrəcə yanılmırlar, yəni zövqlə istedad həmrəy olur və bir-birini tamamlayır. Belə olan halda rəqsə həvəsi böyük olanlar rəqslə, musiqi alətlərində ifa etməyi, rəssam olmağı, yaxud ifaçılıq sənətinin sirlərinə yiyələnməyi qarşılarına məqsəd qoyanlarsa bu sahələrlə məşğul olur və nailiyyətlər də qazanırlar. Dünya miqyasında məşhur olan bütün korifey sənətkarların tərcümeyi hallarına nəzər yetirsək söylədiklərimizin əyani şahidi olarıq. Elə bu gün müasir dövrün, müasir gəncliyin parlaq bir nümunəsi haqqında hədsiz sevinclə söhbət açmaq istədiyim yeniyetmə qız da yüksək əxlaqi keyfiyyətləri ilə bərabər fitri istedadı ilə də seçilən bir istedad sahibidir. Utancaq bir qız olduğu ilk baxışdan hiss olunurdu. Uğurları, müsbət göstəriciləri barədə qəzetimiz üçün dil açıb danışmağını istədiyimi biləndə əvvəlcə çox tutuldu, sonra isə yavaş-yavaş qırışığı açılmağa başladı. Çoxlu yaradıcı yeniyetmələrlə həmsöhbət olduğum üçün təcrübəmdən ustalıqla bəhrələnə bildim və deyəsən uğurlu da alındı. Bayaqdan dilindən sözü güclə çıxara bildiyim həmsöhbətim ürəyini istədiyi qədər boşaltdı. O, danışdıqca sanki ürəyim sərinlənir, əhvali-ruhiyyəm pərvazlanırdı. Bəli, yeniyetmə bir qızla, kim bilir, bəlkə də gələcəyin tanınmış rəssamı ola biləcək bir istedad sahibi Zemfira Həsənova ilə də beləcə həmsöhbət olmağa başladıq və sizlərə də həmin söhbəti təqdim etməyi məqbul saydıq.
Heç bir uğur asanlıqla qazanılmır
2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Üçüncü sinfə qədər 82 nömrəli tam orta məktəbdə oxumuşam, hazırda isə 165 nömrəli tam orta məktəbin 7-ci “a” sinfində təhsil alıram. Bugünədək qazandığım bütün uğurlar gərgin əməyimin, çəkdiyim əziyyətlərin bəhrəsi olub.
Tam əmin olmuşam ki, həyatda asanlıqla heç nəyə nail olmaq mümkün deyil. Və çəkdiyin əziyyətlər cavab olaraq sənə saysız qələbələr bəxş edəndə insan özünü dünyanın ən xoşbəxti sayır.
Mən sevdiyim bir işlə məşğul oluram deyə zərrəcə yorulmuram, əksinə, daha çox çalışmaq əzmində oluram. Gərək insan bəxt ulduzunun nə vaxtsa yanacağı anı əllərini yanına salaraq oturub gözləməsin, o, öz ulduzunu özü öz əlləri ilə yandırsın. Göydən üç almanın düşəcəyini gözləyən kəs heç vaxt o almaların birinə də sahib çıxa bilməz.
İdmanı da çox sevirəm
Zərbəçiyəm. Ən çox sevdiyim fənlər. Riyaziyyat, fizika, kimya, coğrafiya, ingilis dili və rəsmdir. Hobbim isə idmanın basketbol növüdür. Uşaqlıqdan rəsm həvəskarı olmuşam. Atam mənə çoxlu rəngli karandaşlar, albomlar, şəkilli kitablar alardı. Hələ uşaq bağçasında olanda belə rəngli karandaşlar əlimdən düşmürdü. Hazırda 3 nömrəli Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində rəsm dərnəyinin üzvüyəm. Sevimli müəllimim Nərmin Abdullayevadan rəsm çəkməyin incəliklərini öyrənirəm.
300-ə yaxın rəsm əsərlərim var
Rəsm çəkərkən qırmızı, çəhrayı, mavi, ağ, bənövşəyi və qara rənglərdən daha çox istifadə edirəm. Ağ-qara rəsmlərsə mənim hobbimdir. Bu rəsmlər daha təbii, daha təsirli olurlar, heç bir bər-bəzəyi qəbul etmirlər. Ağ-qara rəsmlər mövzu əhatəsinə görə də fərqli olurlar, onlar həyatın boyanmamış üzüdür, dağ-dərə, çöl-çəmən, çay, meşə necə varsa elə də görünür və güclü də təsir gücünə malik olur.
Portret, naturmort , peyzaj janrlarında indiyədək 300-ə yaxın rəsmlər çəkmişəm. Evdə gözəl bir emalatxanam var. Ora sözün həm məcazi, həm də elə tam mənasında bir nağıllar aləmini xatırladır. Rəsmlərimdən ibarət səliqəli bir guşə hazırlamışam. Nədənsə özümü böyüyəndə dizayner kimi də görürəm. Bilmirəm, bəlkə də bu, bir xəyaldır, arzudur, nə isə... Bir az da mərkəzimiz barədə danışmaq istəyirəm. Olduqca istedadlı dostlarım var bizim yaradıcılıq mərkəzimizdə. Biz bir-birimizin bəhsinə gecə-gündüz çalışırıq. Hamımızın birinci olmaq arzusu ilə çalışmasının nəyi pisdir?! Bir-birimizin bəhsinə çalışmağımızın ən böyük xeyiri bəlkə də o olur ki, biz kollektiv və fərdi surətdə istər respublikadaxili, istərsə də beynəlxalq yarışlarda, rəsm müsabiqələrində daim birincilər sırasında addımlayırıq. Buna görə həm də sevimli müəllimimiz, dərnək rəhbərimiz Nərmin Abdullayevaya təşəkkür edirik.
İlk uğurum
Mənim rəsmlərim demək olar ki, həmişə birincilik qazanıb, sərgilərdə isə hamının diqqətini cəlb edib. Bilirsinizmi niyə? Çünki mən onları əlimlə yox, ürəyimlə çəkirəm, bütün arzu və istəklərimi hopdururam rəsmlərimin canına. Onlar az qala dil açıb danışacaqlar seyr edənlərlə. Bəlkə də danışırlar öz dillərində, bilmirəm. Mən tez-tez respublikada və beynəlxalq rəsm yarışmalarına qatılıram və birinci yerə layiq görülürəm. İlk uğuruma 2016-cı ildə imza atmışam. “Dostluğun sehri” adlı I beynəlxalq uşaq rəsm müsabiqəsində qalib olaraq diploma və medala layiq görüldüm. 2017-ci ildə də “Dostluğun sehri” adlı II beynəlxalq uşaq rəsm müsabiqəsində iştirak etdim və rəsmlərim münsiflər heyəti tərəfindən qaliblər cərgəsində təqdim olundu.
“Bayrağımız qürurumuzdur”
2017-ci ildə Dövlət Bayraq Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” adlı sərgidə də iştirak etdim və diplomla mükafatlandırıldım. Həmin il məktəbimizdə də “Bacarıqlı əllər” sərgi müsabiqə keçirilirdi. İnanın ki, rəsmlərimə heyranlıqla baxırdılar. Hamı mənı alqışladı, rənglərdən məharətlə istifadə etdiyimi yüksək dəyərləndirdilər və ürəkdən bəyəndilər. Bu müsabiqədə də diplom qazandım. Diplomlarımın sayı artdıqca məsuliyyətim də artır. Həmin il “Mənim Azərbaycanım” rəsm müsabiqəsində, 2018-ci ildə isə akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Ana-müqəddəslik zirvəsi” adlı sərgidə fəal iştirak etdiyimə görə fəxri fərmanlara layiq görüldüm.
Fərqli mövzular üzərində işləyəcəyəm
“Mənim arzularım” rəsm sərgisində də münsiflər heyətinin alqışlarını, təbriklərini, xoş sözlərini qazandım. Hamı mənim rənglərdən ustalıqla istifadə etdiyimi vurğuladı və yüksək dəyərləndirdi. Təvazökarlıqdan kənar olsa da bütün rəsmlərimdə təsvir etdiyim tabloda rənglərin köməyi ilə rəsmlərin xarakterini aça bilirəm, bunu isə hər həvəskar rəssam bacarmır. Çünki burada yaradıcılıqla bərabər təbiət elmlərini mükəmməl bilmək də tələb olunur. Savadsız rəssam tamaşaçını heç vaxt düşündürə bilməz, çünki rəsmin fəlsəfəsi dayaz olur.
Məktəbimizdə “Azərbaycan Demokratik Respublikasının 100 illiyi” münasibətilə təşkil olunan ilk rəsm müsabiqəsi keçirildi. Mən həmin müsabiqəyə öz əsərlərimlə qatıldım və qalib adını qazandım. Sevincimdən sanki uçurdum. Zəhmətim göz önündə idi. Həmin gün müəllimlərimə söz verdim ki, daha da dərin, düşündürən , fərqli mövzular üzərində işləyəcəyəm.
Müəllimlərimizə borcluyuq
2019-cu il Bakı Kitab Mərkəzinin təşkil etdiyi “Novruzum” adlı müsabiqəyə çoxlu sayda rəsm əsərimi təqdim etdim. Həmin rəsmlərin üzərində işləyərkən fantaziyamdan kifayət qədər bəhrələnmişdim. Tamaşaçılara rəsmlərim xüsusi zövq bəxş edirdi, onlar rəsmlərimdən ayrıla bilmirdilər. İnanın ki, başqa rəsmlərin qarşısında dayandıqları anlarda da uzaqdan da olsa rəsmlərimi yenə seyr edirdilər. Mənim ən böyük qələbəm də elə bu idi. Bundan böyük sevinc hissləri yaşada bilən hansı amil ola bilər mənim kimi yeniyetmə rəssam üçün? Bunun ardınca məktəbimizdə də keçirilən “Zəfər günləri” rəsm müsabiqəsinə də qatıldım və təbii olaraq qalib oldum.
Azərbaycanın füsunkar gözəlliyindən doya bilmirəm. Vərəqdə, kətan üzərində təsvir etdiyimiz bütün rənglərin ən gözəl, necə deyərlər, ən ətirlisi elə təbiətin özündədir, dağlarında, yamaclarında, ormanlarındadır. Mən də internetdə rayonlarımızın izlədiyim gözəlliklərini rəsmlərimdə təsvir etməyə çalışıram. Bundan böyük müəllim ola bilməz. Əgər mənim ilk müəllimim Nərmin Abdullayevadırsa, ikinci ustadımsa ana təbiətim və onun rəng çalarları içində bərq vuran öz ahəngi, öz nəfəsi, öz xarakteri olan payızı, yayı, yazı, qışıdır. Qazandığım uğurların nəticəsidir ki, bu gün Yaponiyada, Çexiyada, Rusiyada, Rumıniyada keçirilən beynəlxalq sərgilərdə iştirak edən qaliblərin sırasında mənim də adım çəkilir, oxuduğum məktəbin də, məşğul olduğum dərnəyin də.
Zemfira danışır, mənsə coşqunluq hissi ilə onu dinləyirdim. Hələ çox yarışmalar barədə xatırlatmadığını söylədi, çoxunu artıq unutmuşam, dedi. Və sonda, hamısını sadalasam qəzetinizdə yer çatmaz, gülə-gülə deməyi də unutmadı ilk görünüşdə utancaq qız təəssüratı yaradan bu yeniyetmə həmsöhbətim.
Sifai SƏFƏROVA