Məktəblilər arasında intellektual yarış
Paytaxt məktəbliləri arasında “Dəyərlərimizi öyrənək” mövzusunda intellektual yarış keçirilib. Yarışın təşkil olunmasının əsas məqsədi uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması, şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsindən ibarətdir.
Təhsil Nazirliyinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə razılığına əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və BŞTİ-nin dəstəyi ilə keçirilən yarışda paytaxt üzrə 12 ümumi təhsil müəssisəsinin IX, X və XI sinif şagirdləri komanda şəklində mübarizə aparıb. Belə ki, 7 nömrəli tam orta məktəbi “Sahil”, 36 nömrəli tam orta məktəbi “Zirvə”, 116 nömrəli tam orta məktəbi “Mənəvi zənginlik”, 121 nömrəli tam orta məktəbi “Lider”, 168 nömrəli tam orta məktəbi “Zəfər”, 179 nömrəli tam orta məktəbi “Şagirdlər”, 233 nömrəli tam orta məktəbi “Appalon”, 158 nömrəli tam orta məktəbi “Yasamal”, 61 nömrəli tam orta məktəbi “İrs”, 279 nömrəli tam orta məktəbi “Atəşgah”, 111 nömrəli tam orta məktəbi “Millimiz”, 72 nömrəli məktəb-liseyi isə “Buta” komandaları təmsil edib.
Komandalar 5 üzv və 1 kapitan olmaqla 6 nəfərdən ibarət olub.
Yarışda verilən hər sualı komandalar 1 dəqiqə vaxt ərzində cavablandırıblar. Daha çox düzgün cavab verən 7 nömrəli tam orta məktəbin “Sahil” komandası I yeri tutub. 158 nömrəli tam orta məktəbin “Yasamal” komandası II, 121 nömrəli tam orta məktəbin “Lider” komandası isə III yerlərin sahibi olub.
Bakı şəhəri üzrə keçirilən yarışda I yeri qazanmış komanda üzvləri diplomla mükafatlandırılaraq yarışın respublika mərhələsində iştirak etmək hüququ qazanıb, II və III yerləri tutan komanda üzvlərinə isə sertifikat verilib.