Məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etmək məqsədilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib.

 

Yarış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

 

Yarışda 6 komandanın tərkibində Bakı şəhəri  34, 81, 158, 183, 210, 279 nömrəli tam orta məktəblərin 30 şagirdi iştirak edib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, texnika üzrə fəlsəfə doktoru, professor Əziz Talıbov, yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Məryəm Ömərovanın təmsil olunduğu münsiflər heyəti yarışı izləyiblər.

 

Hər raundda 12 sual olmaqla komandalar arasında 5 oyun keçirilib.

 

Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Yarışın nəticəsinə görə Bakı şəhəri 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası III yerə layiq görülüb.

 

Qalib komandaların hər bir üzvü diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara diplom və yarışın kuboku təqdim edilib.

 

Bütün iştirakçı məktəblilərə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  təşəkkürnamələri və DYP İdarəsi tərəfindən müxtəlif  hədiyyələr verilib.

 

 

Samirə KƏRİMOVA