Təhsil Nazirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər - ingilis dili, alman, dili, fransız dili və rus dili fənlərindən olimpiada təşkil edilib.

 

Olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin xarici dillərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.

 

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər GDU-da yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla tanış olublar. Məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında məlumat verilib.

 

Sonra şagirdlər xarici dil üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar. Olimpiadada Gəncənin 30 ümumtəhsil məktəbi, xüsusən universitetin baza məktəbləri, eləcə də Samux rayonundan 9 ümumtəhsil məktəbi, Göygöl rayonundan isə 6 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 325 şagird iştirak edib. Olimpiadanın testlərində 6 sual dinləmə olmaqla hər birində 50 sual,  2 variantda, 2 blokda  tərtib edilib.

 

Qeyd edək ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur.