Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Bakı Dövlət Universitetində (BDU) olub.

 

BDU-nun rektoru Elçin Babayev Macarıstan ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Tələbə-müəllim mübadiləsinin vacibliyini önə çəkən rektor elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu da vurğulayıb. Eyni zamanda, universitetin 100 illik yubileyi haqqında məlumat verib, yubiley tədbirlərinin YUNESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb.

 

Səfir Viktor Sederkenyi universitetlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.

 

Görüşdə “ikili diplom”, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı məsələsi, tələbələrin Macarıstanın təqaüd proqramı ilə təminatı, tarix, arxeologiya və etnoqrafiya sahəsində birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili, BDU-da “Macar günü”nün keçirilməsi və səfir Viktor Sederkenyinin Azərbaycan-Macarıstan, Macarıstan-NATO əməkdaşlığı haqqında mühazirə oxuması da kimi məsələlər də müzakirə edilib.