“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gəmi Modelçiliyi” dərnək üzvləri üçün Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub.
Turun təşkil olunmasında məqsəd məktəblilərin dənizçilik və gəmiqayırma sahəsinə marağın artırılmasından ibarətdir.
Gəmi modelçiləri əvvəlcə ərazini gəzib, müasir tipli tərsanə ilə tanış olub və gəmilərin inşa prosesini yaxından izləyiblər. Dərnək üzvlərinə zavodda tikilməkdə olan gəmilər barədə məlumat verilib.
Tur çərçivəsində təchizat və yerləşdirmə mühəndisi Niyazi Bayramov tərəfindən iştirakçılara təlim keçirilib. Gəmi modelçilərini maraqlandıran suallar cavablandırılıb.
Sonda gəmi tikintisini əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən dərnək üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.