Aprelin 26-da Bakıdakı Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Həyat bəxş elə” adlı xeyriyyə tədbiri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təqdim etdiyi ürək qüsurlu 13 yaşlı Ləman Qurbanovanın əməliyyatına dəstək olmaqdır.

 

Qeyd edək ki, lisey kollektivi hər il ehtiyacı olan uşaqlar üçün yardım aksiyaları keçirir və bu da xeyirxahlıq, mərhəmət hissinin aşılanmasında əməli olaraq tərbiyə nümunəsinə çevrilir.

 

Tədbirdə Təhsil Naziliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin,  “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin, eləcə də digər qurumların nümayəndələri, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

 

Öncə iştirakçılar  akademik Zərifə Əliyevaya həsr olunmuş dərslərə qatılıblar.

 

Daha sonra qonaqlar xeyriyyə aksiyasına qoşulub. Şagirdlərin əl işlərindən ibarət təşkil olunan yarmarkada satılan əşyalardan toplanan vəsait Ləman Qurbanovanın əməliyyatı üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim edilib.

 

Aksiyada çıxış edən Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva tədbirin əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan qadınının dolğun obrazını yaradan Zərifə xanım işıqlı amalları, ləyaqətli ömür yolu ilə xalqımızın yaddaşında həmişəyaşardır. Zərifə xanımın həyat fəlsəfəsi  olan “Günəştək olaq”  ifadəsi liseyin devizinə çevrilib. Zərifə Əlievanın xeyirxahlıq məktəbi, ləyaqətli həyat yolu və insanlıq fəlsəfəsi kollektivin  hər bir üzvü üçün nümunədir.

 

M.Vəliyeva OCEP-2019 “Olimpiya mədəniyyyəti və təhsil” proqramı çərçivəsində layihənin əsas idealarından olan dostluq, həmrəylik, gender bərabərliyi, humanizm, xeyirxahlıq kimi keyfiyyətlərin bu tədbirdə reallaşdığını önə çəkərək, xalqımıza məxsus dəyərlərin təbliğinin əhəmiyyətini xüsusilə qeyd edib.

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov isə aksiyanın əhəmiyyətinə toxunaraq, şagirdlərdə erkən yaşlarda xeyirxahlıq, hümanizm, həmrəylik hisslərinin aşılanmasının təqdirəlayiq hal olduğunu deyib. O, akademik Zərifə Əliyevanın xatirəsinin xalqımızın daim qəlbində yaşayacağını bildirib.

 

Niyazi RƏHİMOV