Dövlət İmtahan Mərkəzi (DIM) 2019-cu il aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edib. Proqram seçimi DİM-in internet saytı vasitəsilə elektron qaydada aparılır.

 

Qurumdan “Azərbaycan müəllimi”nə bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinə, fevralın 24-də keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən, proqram seçimində iştirak etmək hüququ qazanan və aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.

 

DİM tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulub. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib, öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçərək təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

 

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın mayın 26-da keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

 

Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Bununla bağlı “Magistr” jurnalının 3-cü sayından da ətraflı məlumat əldə etmək mümkündür.

 

Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26‑da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər.

 

İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

 

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elanın tam mətni, eləcə də qəbul aparılacaq ixtisaslaşmaların siyahısı 2019-cu ilin may ayında “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq.

 

Ruhiyyə